Bir müddət bundan öncə, Ferrari şirkətinin tarixində olan ən güclü seriya avtomobilinin hazırlandığı barədə məlumat vermişdik. 31 may tarixində Maranelloda nümayiş etdiriləcək superkarın 1000 at qüvvəsinə malik olan hibrid güc qurğusu ilə təchiz ediləcəyi də məlumdur.

Bununla belə, hibrid qurğu barədə ətraflə məlumat verilməyib. Ehtimallara görə, Ferrari model cərgəsində 812 Superfast modelindən bir pillə yuxarıda qərarlaşacaq superhibrid 3,9-litrlik iki tubokompressorlu V8 mühərrikinin əsasında yaradılmış hibrid qurğu ilə təchiz ediləcəkdir. Nüfuzlu alman “Auto Motor und Sport” dərgisinin əldə etdiyi məlumata əsasən benzin mühərriki üç elektrik mühərriki ilə tandemdə çalışacaqdır. Bu mühərriklərdən ikisi ön oxda, biri isə ötürmələr qutusunda yerləşdiriləcəkdir. Bu quruluş sayəsində superhibrid mütərəqqi tam çəkiş sisteminə də malik olacaqdır.

Şayiələrə görə, yeni superkar 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənəcəkdir. İnsayderlər avtomobilin satış qiyməti barədə də məlumatı sızdırıblar – 600 min avro. Əgər bu qiymət sizin çox bahadırsa, Ferrari şirkətinin daha əlçatan superhibridi hazırlaması xəbərinə sevinməlisiniz. Belə model V8 mühərriki əvəzinə V6 mühərrikinə sahib olacaqdır. Əlçatan sportkar ilin sonuna kimi təqdim olunmalıdır. Bundan sonra növbə Ferrari Purosangue krossoverinə gəlib çatacaqdır.