Ford şirkəti yenidən həyata qaytarılan Bronco ofrouderini və onun yığcam versiyası olan Bronco Sport modelini 13 iyul tarixində nümayiş etdirməyə hazırlaşır. Bu gün "Mavi Oval" yeni ofrouderin növbəti tizerini dərc edib. Növbəti tizerdə yeni nəsil Bronco modelinin ön hissəsi - radiator barmaqlığı və qabaq fənərləri nümayiş etdirilib.

Diqqət yetirsək, yeni ofrouderin parlaq sarı rəngə boyandığını görə bilərik. Bundan başqa, ofrouderin qara eksteryer tərtibatına malik olduğu da diqqəti çəkir. Bu, tizerdəki avtomobilin bu yaxınlarda reklam çəkilişlərində iştirak edən Ford Bronco ofrouderinin olduğuna dəlalət edir.

Yeni Ford Bronco modeli Ranger pikapının T6 platformasına əsaslanır və onunla mühərrik çeşidini bölüşür. Xatırladaq ki, Ford Ranger modeli 271 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən iki turbokompressoru EcoBoost mühərriki və 10 diapazonlu «avtomat» ilə hərəkətə gəlir.

Bundan başqa, Ford Bronco modelinin Ford F-150 pikapından tanış olan 329 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 2,7-litrlik V6 mühərrikini əldə etmək şansı da vardır.

İri ölçülü Ford Bronco modeli ilə birlikdə Bronco Sport modeli də debüt edəcəkdir. Ford Bronco Sport modeli Escape/Kuga krossoverlərinin uzadılmış C2 platformasında inşa edilib.

Bundan əlavə, Ford sifariş sisteminin məlumatlarına əsasən, modellər hətta ümumi güc qurğularına da sahib olacaqdırlar: bunlar, 8 diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan 1,5-litrlik üçsilindlri və 2,0-litrlik dördsilindrli turbomühərriklərdir. Bronco Sport standart olaraq tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Xatırladaq ki, Ford Escape modeli üçün tam ötürmə sistem opsiyadır.