Keçən il Alman avtomobil sənayesi assosiasiyası və Messe Frankfurt sərgi mərkəzinin müqaviləsi başa çatıb. Bu isə, 2021-ci ildə Frankfurt avtosalonunun (Internationale Automobil-Ausstellung, IAA) keçirilməyəcəyindən xəbər verir.

Yaxın zaman ərzində sərginin təşkilatçıları onun keçirilməsi üçün yeni şəhəri seçməlidirlər. Namizədlər arasında Köln, Hamburq, Hannover, Berlin və Münhenin adı çəkilirdi. Sonradan bu siyahıdan Köln və Hamburq çıxarılıb. Lakin, iş təkcə avtosalonun başa şəhərə köçürülməsi ilə məhdudlaşmayacaqdır - assosiasiya, sərgini avtomobil istehsalçıları üçün cəlbedici etmək məqsədi ilə, 2021-ci ildə onun konsepsiyasını dəyişmək niyyətindədir.

«Frankfut-Mayndakı ideyalar və konsepsiyalar heyranedici idi. Lakin, bütün tərkib hissələrinin qiymətləndirilməsindən sonra, IAA 2021 bu şəhərdə keçirilməyəcəkdir», - Alman avtomobil sənayesi assosiasiyasının xəbərində bildirilir.

Bununla yanaşı, avtomobil şirkətləri öz yeniliklərini avtosalonlarda təqdim etməkdən tez-tez imtina edirlər. Onlar, onlayn təqdimatlara və müstəqil tədbirlərə daha çox üstünlük verirlər. Keçən ilin payızında ən böyük avtomobil istehsalçıları avtosalonun formatını köhnəlmiş adlandırıblar. Onlar hesab edirlər ki, bu formatı diqqət mərkəzində son məhsulun deyil, “hərəkətlilik konsepsiyası” əvəz edə bilər,. Başqa sözlə, şirkətlər "gələcəyin hərəkətliliyi" sahəsindəki yeniliklərini nümayiş etdirə, avtomobillər isə müxtəlif xidmətlərə əlavəyə çevrilə bilərlər.

2019-cu ildə Nissan, Aston Martin, Ferrari, Cadillac, Chevrolet, Chrysler, Citroen, Infiniti, Mazda, Mitsubishi, Rolls-Royce, Subaru, Suzuki, Toyota və Volvo Frankfurt avtosalonunda iştirak etməkdən imtina etmişdilər. Ford və Volvo isə Cenevrə avtosalonuna gəlməmişdilər. Artıq məlumdur ki, 2020-ci ildə Lamborghini Cenevrə və Volkswagen isə Paris avtosalonunda iştirak etməkdən imtina ediblər.