Azərbaycan bazarında da satılan GAC Trumpchi GS8 modeli 2016-cı ildə debüt edib. İndi isə krossoverin ikinci nəsli demək olar ki, hazırdır: GAC şirkəti kamuflyajsız avtomobillərin ilk görüntülərini yayımlayıb.

Bu restaylinq və ya dərin modernləşdirmə deyil, GPMA (GAC Global Platform Modular Architecture) moddul platforması üzərində inşa edilən həqiqətən də yeni bir modeldir. Xatırladaq ki, adı çəkilən platforma iki il əvvəl, yığcam GAC Trumpchi GS4 krossoveri ilə birlikdə debüt edib.

İkinci nəsil Trumpchi GS8 modelinin dəqiq ölçüləri hələlik açıqlanmayıb, lakin yeni krossoverin uzunluğunun indiki 4836 millimetrdən beş metrə qədər artacağı bildirilir. Üstəlik, avtomobilin hündürlüyünün də nəzərəçarpacaq dərəcədə artacağı vəd olunur.

Eyni zamanda, yeeni nəsil GAC Trumpchi GS8 modeli brutal nisbətlərini, iki mərtəbəli ön işıq texnikasını və arxa fənərlərin xarakterik formasını qoruyub. Güzgülər indi yan qabaq şüşələrin küncündə deyil, qapı panellərində quraşdırılıb.

İnteryerin şəkilləri hələlik dərc edilməyib, ancaq krossoverin altı və ya yeddi oturacaqlı versiyada təklif ediləcəyi bildirilir - yəni, üçüncü oturacaq cərgəsi standart olacaqdır.

İkinci nəsil GAC Trumpchi GS8 modelinin standart versiyası 2,0-litrlik turbomühərriki qoruyacaq, ancaq altı pilləli “avtomatın” əvəzinə səkkiz pilləli variant ilə təchiz ediləcəkdir. Bundan başqa, modifikasiya çeşidində transmissiyası Toyota tərəfindən təmin ediləcək hibrid versiya peyda olacaqdır!

Söhbət Toyota və Lexus hibridlərindən tanış olan elektromexaniki variatorlu THS (Toyota Hybrid System) sistemindən gedir. GAC və Toyota uzunmüddətli əməkdaşlıq tarixinə malikdirlər və Çin bazarında satılan avtomobilləri istehsal edən müştərək müəssisəyə sahibdirlər.

Bu səbəbdən hibrid komponentlərin istifadəsi tamamilə qanunidir. Yeni GAC Trumpchi GS8 krossoveri haqqında ətraflı məlumat yaxın aylarda veriləcəkcir.