Genesis markası özünün ilk elektromobili - GV60 hetçbekinə olan marağı artırmağa davam edir. Bu dəfə koreyalılar modelin qlobal debüt tarixini açıqladıqları kiçik videotizeri yayımlayıblar - yeni elektrokar 30 sentyabr tarixində debüt edəcəkdir. Videoçarxda elektromobil qismən görünür, baxmayaraq ki, Genesis GV60 modelinin həm eksteryer, həm də interyer dizaynı artıq tamamən açıqlanıb. Ancaq onun texniki hissəsi barədə hələ də ətraflı məlumat verilməyib.

Genesis GV60 modeli, Hyundai Ioniq 5 və Kia EV6 elektrokarları kimi, E-GMP (Electric Global Modular Platform) elektrik platformasının üzərində inşa edilib. Lakin Genesis yeni elektromobil haqqında digər təfərrüatlar hələ də gizli saxlayır.

Yeni elektrokarın güc aqreqatlarını eyni platformada inşa edildiyi Hyundai Ioniq 5 və Kia EV6  ilə bölüşəcəyi ehtimal olunur. Məlum olduğu kimi, adı çəkilən elektrokarlar bir və ya iki mühərrikli güc qurğuları ilə təklif edilirlər. Sonuncu halda, yeni GV60 modeli tam ötürməyə sahib olacaq və böyük ehtimalla, ikimühərrikli güc qurğusunu alacaqdır.

Xatırladaq ki, “qaynar” Kia EV6 GT modifikasiyasında bu qurğu 585 at qüvvəsi və 740 Nm fırlanma anı hasil edir. Bununla birlikdə, Motor1 nəşrinin Cənubi Koreyadakı mənbələrə istinadən bildirdiyinə görə, EV6 GT bu üçlüyün ən güclüsü olaraq qalacaqdır.

Avadanlıq baxımından isə, GV60 elektrokarı arxa görünütü güzgülərinin əvəzinə miniatür kameraları, “batırılmış” qapı tutacaqlarını və sahibinin üzünü və barmaq izini tanıma funksiyası da daxil olmaqla digər “ağıllı” texnologiyaları alacaqdır.

Bundan əlavə, eksperiment çərçivəsində GV60 modeli simsiz elektrik yükləmə sistemini də əldə edə bilər. Hyundai şirkəti əvvəllər 7 -11 kilovatlıq pik həddinə malik cihazları tədarük edəcək amerikan WiTricity şirkəti ilə danışıqlar aparıb. 

Əgər belə sistem quraşdırılarsa, avtomobilin məişət elektrik çıxışına qoşulması lazım deyil: elektromobilin simsiz yükləmə sistemi quraşdırılmış ərazidə dayanması kifayətdir və elektrik cərəyanının yüklənməsi avtomatik olaraq başlanacaqdır.

Genesis GV60 modelinin gələn il satışa çıxarılması planlaşdırılır. Markanın strategiyasına görə, 2025-ci ildən etibarən bütün yeni modellər alternativ enerji mənbələrinə keçəcək, 2030-cu ildən etibarən isə, koreyalılar daxili yanma mühərriklərindən tamamilə imtina edəcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.