Bu gün Hyundai şirkətinin premium subbrendi olan Genesis markası ilk krossoverini təqdim edib. Yeni Genesis GV80 modeli BMW X5 və Mercedes-Benz GLE krossoverləri ilə rəqabət aparacaqdır.

Genesis GV80 modelinin qabarit uzunluğu 4945 mm, eni 1975 mm, hündürlüyü isə 1715 mm təşkil edir. Modelin təkər bazasının genişliyi 2955 mm-dir. Beləliklə, GV80 modeli X5 krossoverindən 23 mm uzun, 29 mm ensiz və 30 mm alçaqdır. Koreya krossoverinin təkər bazası da rəqibindən 20 mm qısadır.

Avtomobilin dizaynı üzərində markanın üç dizayn mərkəzinin (Cənubi Koreya, ABŞ və Almaniya) mütəxəssisləri işləyiblər. Krossoverin kuzovu poladdan hazırlansa da, qapılar, kapot və baqaj qapağı alüminiumdan hazırlanıb. Bundan başqa, Genesis GV80 modeli 22-düymlük təkər disklərinə sahib olan ilk koreya avtomobilidir. Bu disklər ən bahalı versiyalar üçün nəzərdə tutulub, sadə versiyalarda isə disklərin ölçüləri 19 və ya 20 düym olacaqdır.

Krossoverin əsasını uzununa yerləşən mühərrikə, arxa ötürməyə malik olan platforma təşkil edir. Tam ötürmə - opsiyadır. Tam ötürmə ön oxu qoşan çoxdiskli muftaya, elektronika ilə idarələnən arxa differensiala malikdir. GV80 qar, qum və palçıqda hərəkət üçün rejimlərə də sahib olub.

Genesis GV80 modeli standart olaraq adi yay və amortizatorlar, əlavə ödənişlə isə adaptiv amortizatorları olan asqı ilə təchiz edilir. Elektronika avtomobilin önündəki yolu skan edən ön kameranın məlumatlarına əsasən amortizatorların sərtliyini tənzimləyir.

Genesis markasının ilk krossover Cənubi Koreyada 278 at qüvvəsi və 588 Nm fırlanma anı hasil edən3,0-litrlik turbodizel ilə təklif edilir. Sonradan modelin mühərrik çeşidinə 2,5 və 3,5 litrlik benzin mühərrikləri də daxil ediləcəkdirlər. Güc aqreqatları şayba formasında selektora malik olan səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışacaqdırlar. 

Genesis GV80 modelinin interyerində rəvan cizgilər hökm sürür. Burada ikiqollu sükan çarxına, aşağı «mərtəbəsi» olan iri mərkəzi tunelə rast gəlmək olar. Krossover 12,3-düymlük rəqəmsal cihazlar panelinə, multimedia sisteminin 14,5-düymülk genişformatlı displeyinə və proyeksiya displeyinə sahib olub. Sürücünün sağ əlinin altında əlyazması ilə yazılan məlumatlar üçün sensorlu panel də mövcuddur.

GV80 modeli toqquşmasının qarşısını alan və ön oturacaqların arasında açılan mərkəzi təhlükəsizlik yastığı ilə təchiz edilmiş ilk avtomobildir. Avtomobil 10 hava yastığı ilə təchiz edilir. Bundan başqa, GV80 modelində RANC (Road Active Noise Control) səsin aktiv boğulması sistemi də debüt edib. Digər bənzər sistemlər kimi bu sistem də öz fəaliyyətində avtomobilin audiosistemindən istifadə edir. RANC sistemi xarici səsi yazan mikrofonlarla yanaşı, titrəyişləri qeydə alan akselerometrə də sahibdir.  Bu, hesablamaları dəqiq yə yeyin aparmağa şərait yaradaraq, gərək olan siqnalı dinamiklərə 2 millisaniyəyə ötürməyə imkan verir.

Genesis GV80 iki və ya üç orturacaq cərgəsi ilə təklif edilir. Lakin, yalnız beşyerli variantda arxa cərgənin elektriklə tənzimlənməsini və havalandırılmasını sifariş etmək olar. Bundan başqa, krosasover üçzonalı iqlim sistemi, avtobanlarda hərəkət zolağını avtomatik olaraq dəyişə bilən adaptiv kruiz-kontrol və sürücünün yorşunluq səviyyəsinə nəzarət edən sistem ilə təchiz edilir.

Cənubbi Koreyada Genesis GV80 modeli 57 min dollardan başlayan qiyməıtlərlə satılacaqdır. Yerli bazarda premium krossoverə sifarişlər artıq qəbul olunur.