Geyimin qiymətinə parçanın tərkibinin və növünün böyük təsiri var. Seçim edərkən çox az adam parçanın tərkibinə fikir verir, halbuki bu diqqət yetiriləcək ilk amil olmalıdır. Bununla yanaşı, ölkəmizdə tanınmayan bir çox parça növü və materialların qarışığından yaranan tekstillər var. Əfsuslar olsun ki, geyim istehsalında çalışan əksər atelye, modelyer və dərzilərin də yeni növ materiallardan xəbəri yoxdur.

Alıcılar isə yeni geyimi xarici görünüşünə görə seçirlər, onun nədən hazırlandığı barədə xəbərləri belə olmur. Bəzən, xüsusi sifarişlə tikilən geyimlərin maya dəyərini azaltmaq məqsədilə, tam sintetik materiallar – Poluester (ing. Polyester)Poliamid (ing. Polyamid) istifadə edilir. 

Poliamid və Poluester istehsal prossesinin növü ilə fərqlənir. Hər iki material neft, kömür və ya qaz emalından alınan məhsullardan əldə edilir.

Sintetik materiallar

Premium, eləcə də lüks brendlər yüksək keyfiyyətli parça və aksessuarlardan istifadə edir. Hətta, geyim sintetik materialdan olsa belə, çox keyfiyyətli olur. Sintetik materiallar müəyyən xüsusiyyətləri (təri udma, yüksək elastiklik və yırtılma riski yüksək) əldə etmək üçün  idman geyimləri və ayaqqabıları, suya qarşı davamlı üst geyimlərində istifadə olunur. 

Bu məqalə maraqlı ola bilər – Brend geyim “xəstəlikdir” yoxsa zamanın tələbi? ➤

Orta və kütləvi seqment markaları malın maya dəyərini azaltmaq üçün, sintetik materiallara (poluester, poliamid) üstünlük verirlər. Bununla yanaşı, təbii materialları tətbiq edərkən ucuz və aşağı keyfiyyətli parçalardan istifadə olunur. 

Əgər mass-market markanın və premium brendin pambıq (cotton) parçadan hazırlanmış paltarını müqayisə etsək, onların fərqini açıq-aydın görmək olar. Hər ikisi də pambıq parçadan olsa da, onların keyfiyyət səviyyəsi müxtəlifdir. Ucuz olan formasını daha tez itirir və qırışır, sürətlə aşınır və yırtılır. 

Materiallara gəldikdə isə daha çox istifadə olunanlar – pambıq, yun, ipək və kətan parçalardır. Onları hamı yaxşı tanıyır. Daha öncə söylədiyim kimi, bu materialların müxtəlif sinifləri və keyfiyyətləri olur. Belə materiallar hər bir fəsil və hava şəraiti üçün uyğundur. Hətta, “cool wool” adlanan yun parçadan yay üçün geyimdə, kətandan isə qış paltarlarında istifadə olunur. 

Təbii mənşəli materiallardan hazırlanmış müasir texnoloji parçalar daha yüksək xüsusiyyətlərə malikdirlər.

Yun, ipək və kəşmir tərkibli parça yüksək keyfiyyətli geyimlər üçün istifadə olunur

Materialların təbii, təbii mənşəli süni yolla alınan və sintetik növləri var. Geyimlərdə çox istifadə olunan parçalara nəzər yetirək.

Yun (ing. Wool) – geyim üçün ən yaxşı hesab olunur və bununla yanaşı, bahalı parçadır. Yun parça əzilmir, qırışmır, yüksək hava mübadiləsi və bədən temperaturunu saxlama imkanına malikdir. Qalın parçadan hazırlanmış geyim soyuqda bədəni isti, nazik parçadan hazırlanan isə yayda sərin saxlayır. Bu özəllikləri artırmaq üçün, ipək (10%-ə qədər) qarışıqlı parçalar hazırlanır. Habelə, dözümlük, dayanıqlıq üçün elastan (5%-ə qədər) əlavə olunur.

Kəşmir (ing. Cashmere) - xarakteristikasına görə yundan da üstündür, lakin çox bahalı olduğuna görə yun ilə az miqdarda qarışdırılır. Kəşmir Monqolustan, Tibet və Çin dağlarında yaşayan Kəşmir keçilərinin yunundan alınır. Bu keçilərin sayının məhdud olması və hər keçidən cəmi 150 qr yun alınması kəşmiri bahalı edir. Kəşmirdən əsasən bahalı geyimlərdə istifadə olunur və yun ilə 95/5% nisbətində qarışdırılır.

İpək (ing. Silk) - yaz və yay istisi üçün ideal materialdır. Həm sərin saxlayır, həm də yüksək nəmi udma qabiliyyəti var. Bununla yanaşı, ipəyin yun (10-20% ipək) ilə qarışığı gözəl nəticə verir. Kişilər ipək qalstuklara və paşe yaylıqlara hər zaman üstünlük verirlər.

Pambıq (ing. Cotton) – ən populyar və çox yayılmış materialdır. Pambıq parça qırışır, lakin yüksək keyfiyyətli materiallarda qırışma az olur, həmçinin daha dözümlüdür. Pambıq parçanı hər bir fəsil üçün istifadə etmək mümkündür. Xarakteristikasına görə yun materiala bənzəyir. Pambıq materialını digər materiallarla qarışdıraraq maya dəyəri aşağı salına bilər. Bu materiala az miqdarda sintetik materiallar əlavə olunanda daha dayanıqlı olur.

Kətan (ing. Linen) - isti fəsillər üçün ideal parçadır. Yüksək “nəfəsalma” və nəmi udma qabiliyyəti onu yay ayları üçün ideal edir. Həmçinin, soyuq aylarda bədəni isti saxlayır. Lakin, bu haqda əksəriyyətin xəbəri yoxdur. 

✽ Bu məqalə maraqlı ola bilər – Yayın kətan modası ➤

Denim və Şambre (ing. Chambray)

Denim – pambıqdan hazırlanır, cins və digər geyimlərin tikilməsində istifadə olunur. Ona xalq arasında “cins material” deyilir (cins – denim şalvar deməkdir). Denim parça çox dözümlü və rahat olduğuna görə, dünyada ən çox istehsal olunan və populyar parçadır.

Şambre (ing. Chambray) – bu parça çox praktikdir, denim kimi pambıqdan alınır və yüksək dərəcədə davamlıdır. Şambre denimlə qohumdur, sadəcə biraz yüngülləşdirilmişdir. Təmkinli, davamlı, “nəfəs ala bilən”, yuyulma (maksimum 40ºC) və yüksək dövriyyəli baraban qurutmasından qorxmur, pambıq materialı kimi asan ütülənir. İsti fəsillər üçün daha çox uyğundur.

Melanj pambıq (ing. Melange cotton) - digər pambıq parçalardan fərqli xüsusiyyəti olan parçadır. İstehsalı zamanı xüsusi toxuma texnikası – melanj tətbiq edilərək, müxtəlif çalarlarda olan eyni rəngli iplərdən istifadə edilir. Melanj pambıq parça sərbəst üslub yaratmaq üçün uyğun olan qeyri adi geyimləri hazırlamağa imkan verir. Ondan palto, kostyum, don, ətək, gödəkçə, şalvar və aksessuarlar tikilir.

Qabardin (ing. Gabardine) – qədim parçalardandır və merinos yunundan hazırlanır. Merinos ipliklərinin istifadəsi sayəsində parçanın tərkibi sıx və liflidir. Öncələr qabardin yalnız merinos yunundan hazırlanırdısa, sonradan ona pambıq və ya sintetik liflər əlavə olunmağa başlandı. Nəticədə çeşid daha müxtəlif oldu, lakin əlavə komponentlər onun keyfiyyətinə neqativ təsir edir, amma parçanın maya dəyərini azaldır. Əgər parçada parlaqlıq varsa, deməli sintetik liflər əlavə olunub, sintetika çox olduqca, parıltı da artır.

✽ Bu məqalə maraqlı ola bilər – Cins haqqında maraqlı faktlar ➤

Harris Tweed – Şotlandiyanın Harris, Lev, Uist və Barra ada sakinləri tərəfindən əllə istehsal edilən parçadır

Tvid (ing. Tweed) – yundan istehsal olunur. İngilis aristokratlarının sevimli parçasıdır. Son illərdə tvid kostyum, pencək, palto çox dəbdədir. Klassik tvid təmiz yundan hazırlandığı üçün soyuq havalarda soyuqdan, küləkdən və yağışdan çox gözəl qoruyur. Ən məhşur tvid isə Harris Tweed parçasıdır.

Tvil (ing. Twill) – pambıqdan alınır. O, ultrabənövşəyi şüalara davamlıdır, buna görə günəşin təsirindən rəngi solmur, həm də hava mübadiləsi yüksəkdir. Tez quruyur, üzərində zərərli bakteriyalar çoxalmır. Bu parçadan olan geyimlər çox praktikdir. Hər bir fəsil üçün uyğun gəlir.

Moleskin – pambıqdan hazırlanır və yüksək dayanıqlığı ilə fərqlənir. Ona görə də ondan hərbi və xüsusi geyimlərin tikilməsində istifadə olunur. Parçanın sıxlığı dərini kimyəvi, aqressiv və isti maddələrdən qorumağa qadirdir. Bununla yanaşı, moleskindən dizaynerlər tərəfindən dəbli geyimlərin yaradılmasında istifadə olunur. Moleskindən yarım mövsüm və qış idman gödəkçələri, geniş və hərbi kəsimli şalvar, balıqçılar və ovçular üçün papaqlar tikilir. Qış ayları üçün əla seçim ola bilər.

✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün hərbi stil ➤

Velvet (ing. Corduroy) parçadan geyimlər son illərdə dəbdədir

Velvet (ing. Corduroy) – əsasən pambıq materialdan hazırlanır. Lakin, son illərdə sintetik velvet parçalara da rast gəlmək mümkündür. Təbii pambıqdan hazırlandığında hava mübadiləsi yüksək olur. Onu üz tərəfindəki unikal qalın xətlər sayəsində tanımaq mümkündür. Əsasən, kəjual geyimlərdə rast gəlinir. 

Cersi (ing. Jersey) – yun trikotaj parçadır. Hal-hazırda kətan, ipək, pambıqdan və müxtəlif materialların qarışığından hazırlanır. Sintetika ilə qarışdırılandan sonra yeni xüsusiyyətlərə və keyfiyyətə sahib oldu. Elastiklik, yüngüllük, incəlik, uzanma qabiliyyəti, yumşaqlıq, yüksək hava keçirmə, rahat forma alma, uzunmüddətli istifadə, az qırışma onun əsas xüsusiyyətləridir.

Flanel (ing. Flannel) – qısa tüklü, kifayət qədər qalın parçadır. Pambıq, yun və yarı yundan hazırlanır. Çox yumşaqdır və məhsulun istismarı zamanı bu xüsusiyyət hətta güclənir. Aşınmaya davamlıdır, nəmi yaxşı mənimsəyir və istiliyi saxlayır, qulluğu asandır, yuma və qurutmaya yüksək tələbləri yoxdur, asan ütülənir. Təbii olmasına baxmayaraq bahalı material deyil. Flaneldən köynəklər, hətta yüngül pencəklər də hazırlanır.

Kupra (ing. Cupra) astar üçün ideal parçadır

Viskoz (ing. Viscose) ağac sellülozasının emalından yaranan materialdır. Həmçinin Rayon adlanır. Parça təbii xammaldan alınmasına baxmayaraq kimyəvi maddələrdən istifadə edildiyinə görə süni yolla alınan materiallar qrupuna aiddir. O, ipək və yun parçalara bənzəyir, qırışmır, əzilmir və yüksək hava mübadiləsinə malikdir. Geyimlərdə astar üçün ən yaxşı parçadır.

Kupra (ing. Cupra) – yüksək keyfiyyətli viskoz növüdür. Bitki sellülozundan hazırlanır. Xarici xüsusiyyətləri və toxunuş hisslərinə görə təbii ipəyə bənzəyir. Zərif və çox yüngüldür. Asan formalaşdırıla, formasını yaxşı saxlayır bilir, büzülmə və uzanmağa meyilli deyil və az qırışır. Kupra pambıqdan daha yaxşı nəmi udur, yüksək “nəfəsalma” özəlliyinə malikdir. Bu da ondan hazırlanmış geyimdə istidə bədəni rahat hiss etməyə və sərin fəsillərdə isti saxlamağa imkan verir. Astar üçün ideal parçadır, lakin qiyməti baha olduğuna görə yalnız brend geyimlərdə rast gəlinir. 

Modal – selüloz viskozun digər növüdür. Yumşaq, parlaq səthi var. Ondan tikilən paltarlar incə, xoş toxunuş hissi yaradır. Çox zaman alt paltarları və corab tikmək üçün istifadə olunur. Modal pambıq və ya kətan ilə müqayisədə daha az qırışır.

Bambuk (ing. Bamboo) – çox yumşaq, möhkəm və davamlı olan ekoloji cəhətdən təmiz bir materialdır. Bambuk lifli parçalar toxunuşa xoş, tutqun parıltı və xüsusi rahatlığı ilə seçilir.

Lyosell (ing. Lyocell yaxud Tencer) – təbii əsaslı (evkalipt ağacından alınır) süni yaradılmış materialdır. Təbii pambığın özəlliklərinin olması ilə yanaşı, həm də pambığın çatışmayan cəhətlərinə malik olması ilə fərqlənir. Bütün mövsümlərdə istifadə edilir. Yayda sərin, qışda isə istiliyi saxlayır, az qırışır və sürətlə da düzəlir. Toxunuşda və parlaqlığında ipəyi xatırladır. Antiallergik olduğu üçün tibbdə və ev tekstilində geniş istifadə olunur. Onu zamanımızın ideal materialı hesab etmək olar. Bahalı olduğu üçün pambıq ilə qarışdırılaraq geyim istehsalı üçün istifadə olunur.

Ripstop parçanı incə sap xanaları sayəsində tanımaq olar

Asetat (ing. Acetate) – sellülozdan kimyəvi yolla alınan, yumşaq, parlaq materialdır. Təbii ipəyi təqlid edən asetat liflərindən hazırlanmış parça növüdür. Qırışmır, zəngin parlaq rənglərə malikdir, lakin yüksək elektrikləşməsi var. İstənilən növ paltar tikmək üçün istifadə edilə bilər. Çox tələbkar material olduğu üçün təmizləmədə yüksək tələblərə malikdir. Yüksək isti temperaturdan və asetondan əriyir, ona görə aşağı temperaturlarda ütülənməlidir. Yuyulma rejimi çox mülayim olmalıdır.

Ripstop – möhkəmləndirilmiş neylon və poluester sapların əlavə edilməsi ilə hazırlanan parça yüksək dayanlıqlığı ilə xarakterizə olunur. Bu parça növündə yırtılma riski dəhşətli dərəcədə aşağıdır. O, NATO-nun sifarişi ilə yaradılmış parçadır. Əsasında sintetik parçalar, ipək və ya pambıqdan istifadə olunur. Parçanı gözə dəyəcək incə sap xanaları sayəsində tanımaq olar. Hərbi geyim, kombinezon, müxtəlif idman növləri və balıqçılıq üçün kostyum tikərkən istifadə olunur. Brendlərin hərbi tərz geyimlərində rast gəlmək mümkündür.

✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün hərbi stil ➤

Spandeks (ing. Spandex)

Neylon (ing. Naylon) – tam sintetik materialdır və ipəyi xatırladır. Suyu keçirmədiyinə görə payız və qış fəsilləri üçün nəzərdə tutulmuş üst geyimlərində istifadəsi geniş yayılıb. Həmçinin, təbii materiallara az miqdarda əlavə edildikdə onların dayanıqlığını dəfələrlə artırır.

Spandeks (ing. Spandex) – həmçinin laykra (ing. lycra) və elastan adlanır. O, təbii materiallarla qarışdırıldıqda, onlara elastiklik və davamlılıq verir. Cins və çinos şalvarlarda 1-5% arasında pambıq materiala əlavə edilir, bu da onların istifadəsini rahat edir və forma saxlama qabiliyyətini yüksəldir.

Flis (ing. Fleece) – yunun sintetik alternatividir, yumşaq və isti parçadır. İplərin xüsusi toxunuşu sayəsində yun kimi istiliyi yaxşı saxlayır və aşınmaya davamlıdır. Baxımda iddiasız və toxunuşa xoş olan parça yüksək keyfiyyətli idman geyimlərinin tikilməsində geniş istifadə olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.