Ekologiyanın korlanması və ozon təbəqəsinin zəifləməsi il boyu günün işıqlı vaxtarında günəş eynəyinin istifadəsini labüd edir. Hətta buludlu havada belə ultrabənövşəyi şüalar olduğu üçün eynəkdən istifadə zəruridir.

Günəş eynəyi gözləri günəşin ultrabənövşəyi şüaları və radiasiyasından qorumaqla yanaşı, hər kəsə gözəl obraz və yaraşıq verən aksessuardır. Bu səbəbdən eynəyin doğru-düzgün seçimi vacibdir ki, hər iki funksiyanı yerinə yetirə bilsin. Günəş eynəyinin seçimi yalnız bəyəndiyinizin alınması deyil, onun üz formasına uyunluğu, ölçüsünün düzgün seçilməsi və qoruyucu təbəqəsinin olması vacib amillərdən biridir.

Son illərdə Bakıda eynək satan mağaza və köşklərin sayı sürətlə artıb. Hətta keçidlərdə belə geniş çeşiddə ucuz qiymətə eynəklər satılır. Optika mağazalarında “A klass” adı altında məhşur brendlərin eynəklərinin təqlidi ilə rastlaşmaq olar. Son dəfə optika mağazasında belə eynəklərdən bir neçəsinin UV qoruyucu təbəqəsinin mövcudluğunu yoxladım və onun olmadığı ortaya çıxdı. 

“Replika” və “A-klass” sözlərinə aldanmayın, bunların adı “saxta eynək”dir. Bir şeyi anlamaq lazımdır ki, saxta eynəklərin linzalarında UV qoruyucu təbəqəsi olmur.

✽ Trendyol-da eynək seçimləri üçün Kolleksiona keçid edin ➤

Günəş eynəyinin funksiyası nədir?

Günəş eynəklərinin əsas funksiyası gözləri ultrabənövşəyi (UV) radiasiyadan qorumaqdır. Elmi dildə – görünən və rentgen (görünməz) şüalanması arasındakı spektrdə olan gözə görünməyən elektromaqnit şüalar deməkdir. Planetimizdə onun əsas mənbəyi günəşdir.

Günəşin parlaq işığında insanın göz bəbəkləri kiçilir və onları qorumaq üçün gözlər qıyılır ki, şüaların gözə keçməsinin qarşısını alsın. Bu orqanizmin fitri qoruma funksiyasıdır. 

Günəşin ultabənövşəyi şüalarının üç növü mövcuddur: UVA, UVB və UVC. İlk ikisi gözlərə güclü təsir göstərir.

UVA şüaları gözün içərisinə buynuzlu qişa vasitəsilə daxil olur və büllur tərəfindən əks olunaraq gözə zərər yetirir. Göz buna intensiv məruz qaldıqda, şüa torlu qişya qədər keçərək, müalicəsi və bərpası mümkün olmayan zərər yetirir.

UVB şüaları hiss olunmür, gözün buynuzlu qişası tərəfindən rahat keçirilir, lakin günəş radiasiyası intensiv yüksək olduqda qişanın yanmasına səbəb olur.

Odur ki, "günəş eynəklərinə nədən ehtiyacımız var?" sualının cavabı – "gözləri qorumaq üçün"dür.

UV qoruyucusu olmayan tünd eynəkdən istifadə zamanı isə, beyin onu qoruyucu kimi qəbul edir və gözləri tam açaraq UV şüaların gözə keçməsinə şərait yaradaraq, onların yanmasına səbəb olur. Müəyyən müddətdən sonra insan göz xəstəliklərinin yaranması və gözün zəifləməsi ilə üzləşir. Sonradan həkimə və müalicəyə xərclənən pullar isə, real qoruyucusu olan eynəyə xərclənən vəsait ilə müqayisədə daha baha başa gəlir.

Deyəcəksiniz ki, bunlar bahalı eynəyə xas olan funksiyalardır, onları almağa yetərli pulu olmayan nə etsin? Məsələn, Amazonda UV400 filtri olan eynəklərin qiymətləri 11 ABŞ dollarından başlayır. Bundan başqa, etibarlı türk markalarının eynəklərini Trendyol vasitəsi ilə, və yaxud bahalı brendlərin eynəklərini endirim mövsümlərində əldə etmək mümkündür. 

  • Hal-hazırda Türk Lirəsinin kursunun düşməsinə baxmayaraq, devalvasiyadan öncə idxal olunan eynəklər əvvəlki qiymətlərlə satılırlar. Azərbaycandan fərqli olaraq, Türkiyədə dolların kursunun artması daha öncə idxal olunan malların qiymətlərinə elə də təsir göstərmir.

Zərərli şüalardan qorunmaq üçün eynəklərin şüşələri UV qoruyucu təbəqəsi ilə örtülür. Bunu təyin etmək üçün eynəyin qollarının üzərindəki yazılara baxmaq lazımdır. Əlbəttə ki, söhbət orijinallardan gedir. 

Günəş eynəkləri üçün ən ideal seçim ultrabənövşəyi şüaların 100% bloklanmasıdır. Belə qoruma UV400 olaraq təyin olunub. Bu göstərici eynəklərin linzalarının ultrabənövşəyi spektrin dalğa uzunluğu 400 nanometrə qədər olan bütün şüalarının qarşısını aldığına işarə edir.

Linzaların UV400 qorumasını optika mağazalarındakı aparatla yoxlamaq olar

Eynək linzalarının digər bir parametri – işıq ötürmə filtridir. O, həmçinin günəş eynəyinin qollarında (yaxud onların sertifikatında) qeyd olunur və aşağıdakı kateqoriyalara bölünür:

0  – işığın 100%-80% aralığında keçməsi

Bunlara şəffaf linzaları olan adi eynəklər, sürücülər üçün gecə modelləri, parlaq işıqlandırma olmadıqda istifadə olunan idman və təhlükəsizlik eynəkləri daxildir.

1 – işığın 80%- 43% aralığında keçməsi

Az günəşli havada və ya istirahət zamanı buludlu havada taxıla bilən və kifayət qədər açıq rəngli linzası olan eynəklər.

2 – işığın 43%-18% aralığında keçməsi

Bunlar orta tündləşmiş eynəklərdir, mülayim günəşli hava, dəyişkən buludlu hava üçün nəzərdə tutulmuşdur və sürücü üçün yaxşı seçimdir.

3 – işığın 18%- 8% aralığında keçməsi

Belə eynəklər parlaq işığa qarşı ciddi müdafiədir. Günəşin çox parlaq olduğu ölkələr, eləcə də sürücülər və yay tətili üçün idealdır.

4 – işığın 8% - dən 3% aralığında keçməsi

Ən tünd linzalar dənizdə və qarlı dağ zirvələrindəki gözqamaşdıran işıqdan qoruyur. Sürücülük üçün uyğun deyildir, çünki işıqforun rənglərini ayırd etməyi çətinləşdirir.

İşıq ötürmə səviyyəsini göstərən rəqəmin yanındakı N yaxud P hərfləri linzaların polyarlaşmasının olub-olmamasını göstərir.

Günəş linzalarının daha bir filtri – polyarlaşma təbəqəsidir. O, parlaq səhtlərdən əks olunan işıq şəfəqlərini neytrallaşdırır. Əks olunan şəfəqlər su, qar və asfalt sətfində parlaq günəşin şüalarından yaranır. Sürücü, dənizçi, xizəkçilər tərəfindən geniş istifadə olunur. Son zamanlarda oftalmoloqlar bu özəlliyi olan linzalı eynəkləri məsləhət görürlər. Eynək satıcıları onlara çox zaman Polaroid deyirlər.

İlk polyarlaşmış linzalı eynəkləri Polaroid markası təqdim etdiyi üçün, həm də sözlər bənzər olduğu üçün qeyri mütəxəssislər tərəfindən Polaroid adlanır.

Şüşələrin rəngləri müxtəlif – qara, yaşıl, qəhvəyi, tünd yaxud açıq boz olur. Güzgü səthi olan linzalar günəş şüalarını daha yaxşı əks etdirir. Sarı, çəhrayı və mavi çalarlar ümumiyyətlə onun öhdəsindən gələ bilmir. Ona görə də onları yalnız günəşsiz havalarda istifadə etmək məsləhətdir.

Gözləri zəif olanlar həkim məsləhəti ilə dioptriyalı günəş linzalarını da sirafiş edə bilərlər. Onları istehsalçıların veb səhifəsində də əldə etmək mümkündür.

Yüksək keyfiyyətli eynəklər ilk növbədə yüksək keyfiyyətli linzalar deməkdir. Onlar şüşədən yaxud orqanik materiallardan (polikarbonat, poliuretan, akril) hazırlanır. Şüşə cızıqlara və digər mexaniki zədələrə daha davamlıdır, lakin çəkisi yüksək olur. Sınmağa qarşı davamlı olması üçün, onların daha qalın olması məcburidir. Bu səbəbdən orqanik linzalar daha funksionaldır.

Ən çox istifadə olunan material – polikarbonatdır. Çünki o, şüşəyə nisbətən daha yüksək davamlılıq əmsalına malikdir, UV şüaların qarşını ala bilir və şüşədən daha yüngüldür. Lakin, son zamanlar trayveks (orqanik, plastik) materialı polikarbonatı əvəz etməyə başlayıb. Səbəbi isə, polikarbonatdan daha yüksək xarakteristikalarının olmasıdır.

Onların hər ikisi, UVA və UVB şüalarının gözlərə keçməsinin qarşısını alır. Həm də çəkiləri yüngül olduğu üçün, şüşədən fərqli olaraq burun nahiyəsində ağırlıq hissi yaratmır. Digər üstünlüyü isə sınma ehtimalının aşağı olmasıdır - müvafiq olaraq, onlar daha az travmatikdirlər. Xüsusilə, onlar uşaqlar və idmançılar üçün daha uyğundur.

Bəs günəş eynəyi kimə tövsiyyə olunur? Yeganə cavab – hamıya! 

Çərçivələrin növləri

Material olaraq çox geniş seçim mövcuddur. Son zamanlar ən populyar mateial – assetat və optildir. Hər ikisi antiallergikdir.

Belə plastik növləri istehsal zamanı asanlıqda lazım olan formanı alır, ona görə də dizaynerlər öz fantaziyalarını rahatlıqla tətbiq edə bilirlər. Həmçinin çəkisinin az olması ilə yanaşı, onlar çox möhkəm və dözümlüdürlər. 

Çərçivə üçün inqilabi material – optildır. Onun özəlliyi –“yaddaşa” malik olmasıdır. O, istiyə məruz qalaraq deformasiya olubsa, yenidən qızdırıldıqda əvvəlki formasına qayıdır. 

Digər populyar material – metal növləridir. Çərçivələr alüminium, titan və moneldən hazırlandığı üçün zərif və bahalı görünüş yaradır.

Çərçivələr üz formalarına görə seçilir. 

Kaçən ilin dəbi 2023-cü ildə davam edəcək. Kişilər üçün 3 növ – Wayfarer, Teashades, Aviator hər zaman dəbdə olan çərçivələrdir. Bu çərçivə növləri heç zaman dəbdən düşmür və onillərlə aktual olaraq qalır.

Wayfarer – uzun illər dəbdən düşməyən çərçivə növü duzbucaq şəkillidir. Oval üz üçün ideal olduğu halda, üçbucaq və kvadrat üz üçün qətiyyən məsləhət deyil. Digər üz formaları üçün qəbul olunandır və universallığı ilə fərqlənir.

Aviator – ən populyar çərçivələrdəndir. Baush&Lomb tərəfindən pilotlar üçün yaradıldığından bu adı alıb. Linzalar nazik metal çərçivədədir. Armud və trapesiya üz formaları istisna olmaqla, demək olar ki, hər kəsə yaraşır.

Teashades (Rounded) – dəyirmi eynəklər oval üzdə gözəl görünür. O, Con Lenon, Elton Con və Hərri Potter ilə assosasiya olunur. Bu eynək növü digərlərinin diqqətini sahibinin üzünə yönəldir. Əgər izafi diqqət istəmirsinizsə bu növ çərçivəni taxmayın. Yumru üz üçün qətiyyən olmaz, digər formalı üzlər üçün istifadə edilə bilər.

Browliner - qaş xəttini vurğulayan  üst hissəsi qalın, digər yarısı isə incə olan çərçivələr armud və trapezoidal üz formaları üçün məqbul hesab olunur.

Cat eye (Pişik gözü yaxud Kəpənəklər) – yuxarı xarici künclərin genişlənməsi sayəsində kifayət qədər böyük olur. Bu forma romba bəzəyir və böyük üzlər üçün uygundur.

Eynəklərin təmizlənməsi

Günəş eynəklərini uzun müddət istifadə etmək niyyətindəsinizsə, onlara qulluq zəruridir. 

Mənim hal-hazırda ən “yaşlı” Ray Ban Aviator eynəyimin 10 yaşı var və hələ o qədər də istifadə resursuna malikdir. İstifadə resursu yüksək keyfiyyətlə yanaşı, doğru istifadə və qulluqdan asılıdır. Bunun üçün aşağıdakı şərtlərə riayyət etmək mütləqdir.

  • Eynəyi gözə taxıb, çıxardıqda iki əllə etmək lazımdır. Eynəkləri başa çənbər (obodok) əvəzinə taxmayın, çünki onların qolları genişlənərək üzdə dayanmacaraq və eynək aşağı sürüşəcəkdir. Bu ən çox rast gəlinən səhvlərdəndir. Əsasən də qadınlar eynəkləri çənbər kimi istifadə etsələr də, kişilər də onları çıxarıb, qutuya qoymağa tənbəllik etdikəri üçün başlarına qaldırıb saxlamağı daha məqbul hesab edirlər.
  • Eynəyi masaya linzaları üzərinə qoymayın, çünki linzalar cızıla bilər. Materialların dözümlülüyü və keyfiyyətindən asılı olmayaraq çızılma riski var. Onları iti alətlərlə təmasdan uzaq tutmaq şərtdir. Eynəyi qabına yerləşdirmədən açarlarla yaxud başqa metal predmetlərlə birlikdə çantaya və cibə qoymayın.
  • Eynəyi istifadə etdikdən sonra onu öz qabında saxlayın (qabın iç səthi yumşaq qoruyucu məxmər parça ilə örtülür).
  • Eynək tərlədikdə yaxud çirkləndikdə, onu xüsusi eynək təmizləyən maye və eynək bezi ilə təmizləyin. Xüsusi maye olmadıqda sudan istifadə etmək olar. Komplektdə olan xüsusi parçalardan istifafə etmək daha məqsədəuyğundur.
  • Eynəyin hər hansı hissəsi yararsız vəziyyətə düşdükdə yaxud sındıqda ixtisaslaşmış servislərə müraciət edin. 
  • Eynəkləri təzyiq və yük altında saxlamayın, kimyəvi maddələrdən uzaq tutun. Onu alkoqol, benzin, kimyəvi maddələrlə (yapışqan, təmizləyici maddələr, boya) təmasından qoruyun, çünki onlar eynəyi yararsız hala gətirə bilər.
  • Eynəklərin istismarı və saxlanması üçün temperatur rejiminin mənfi 50C-dən müsbət 45C-ə qədər temperatur aralığında olması lazımdır. Eynəkləri temperaturun qəfil dəyişməsinə məruz qoymayın.

Eynəkləri təmizləmək üçün ayda bir dəfə yumaq lazımdır. Bunun üçün geniş qaba orqanik qab yuma gelini əlavə edib, ilıq su ilə köpükləndirin, sonra isə eynəyi onun daxilinə yerləşdirin, 5 dəqiqə saxladıqdan sonra əl ilə ehtiyatla təmizləyin. Sonra təmiz su ilə sabunu yuyuraq komplektində olan parça ilə silib, qurumaq üçün dəsmalın üzərinə yerləşdirin. Bir gün ondan istifadə etməyin ki, tam qurusun. 

Xlorlu sudan istifadə məsləhət deyil, mağazadan butulkalarda satılan içməli su daha məqsədəuyğundur.

Linzaları parça ilə təmizləyərkən dairəvi hərəktlərlə deyil, aşağı-yuxarı yaxud sağ-sola hərəkət edərək silin. Xüsusi parça olmadıqda yumşaq salfetdən istifadə etmək olar. Aptek və mağazalarda satılan nəm salfetlərdən istifadə etməyin, onların tərkibində olan maddələr linzanın üst təbəqəsini korlaya bilər.

✽ Baza qarderob haqqında – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Göz xəstəlikləri son illərdə çox yayılıb. Bunun səbəblərindən biri keyfiyyətsiz eynək linzalarıdır, ikincisi isə kompyuter və smartfonlardan həddən ziyadə istifadədir. Bu halda hətta UV və Blue Light (mavi işıq) bloklayan eynəklər də kömək etmir, çünki parlaq ekranlara baxarkən bəbəklər və gözlər geniş açılır və qırpılmır. Nəticə olaraq, gözlərin quruması baş verir. Ona görə xüsusi göz damcılarından istifadə etmək yaxud gözləri tez-tez qırpmağa alışmaq lazımdır. Ən başlıcası isə keyfiyyətli eynəklərdən istifadə edin.

Gözlərinizi qoruyun, çünki sağlamlıq insanın həyatına və psixikasına təsir edən başlıca amildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.