Ostində keçirilən ABŞ Qran Prisini beşinci yerdən başlayan Lyuis Həmilton bir pit-stop strategiyası sayəsində ikinci yerdə başa vurub. Əldə edilən xallar britaniyalı pilota çempionatın bitməsinə iki mərhələ qalmış altıncı çempionluq titulunu qazanmağa imkan verib.

Lyuis Həmiltonun çempion titulunu vaxtından əvvəl qazanmasına mane olacaq yeganə şəxs onun komanda yoldaşı Valtteri Bottas idi. Bunun üçün Həmiltonun səkkizinci yerdən aşağıda finiş görməsi tələb olunurdu ki, bu da qeyri-mümkün görünürdü. Sonrakı hadisələr də bunu sübut etmiş oldu. Əslində Həmilton Maks Ferstappenin arxasında finiş görərək 6-cı titulunu qazana da bilərdi. Lakin, Həmilton heç də bunu etmək fikrində deyildi – komandaya növbəti dublu qazandırmaq üçün, britaniyalı yarışı yeganə pit-stopla başa vurmaq qərarına gəlmişdi.

Ferrari pilotları isə Ostində tam bir fiasko yaşadılar. Əvvəlcə onların hər ikisi də Həmiltonun şikarına çevrildilər, sonra isə Fettelin bolidində arxa asqısı Ostindəki qabarıqlara dözməyərək ömrünü sizlərə tapşırıb. Köhnə spesifikasiyalı mühərriklə yarışan Lekler isə rəqiblərinə qarşı mübarizə aparmaq iqtidarında deyildi. Üstəlik, Fettelin bolidinin asqısının sınması italyanları bir qədər ehtiyatlı davranmağa vadar etib.

Həmilton bir pit-stop sayəsində liderliyə yüksəlsə də, iki pit-stop edən Valtteri Bottas və Maks Ferstappen britaniyalını haqlayıblar, lakin onu keçmək yalnız Valtteri Bottas qismət olub. Maks Ferstappen isə dünya çempionuna hücum belə edə bilməyib. Valtteri Ostindəki qələbə sayəsində pilotlar birinciliyindəki ikinci yerini təmin edib. Onun başlıca rəqibi olan Şarl Lekler isə öz aktivinə 12 xal və sürətli dövrəyə görə 1 xalı yazdıra bilib.

Red Bull Racing komandasının ikinci pilotu Aleks Əlbon da ilk dövrədə Karlos Saynsla toqquşmasına, sonra isə peletonun sonuna doğu geriləməsinə baxmayaraq, yeyin dövrələr vuraraq sonunda beşinci olaraq yarışı bitirməyi bacarıb. Daha bir maraqlı mübarizə Daniel Rikkardo ilə Lando Norris arasında gedib və avstraliyalı pilotun qələbəsi ilə nəticələnib. Onların komanda yoldaşları Karlos Sayns və Niko Hülkenberq də Ostində xalları qazanmağa müvəffəq olublar.

Daniil Kvyat Serxio Pereslə onunculuq uğrunda mübarizə apararaq, rəqibini keçməyə müvəffəq olub. Lakin, ötmə zamanı yol verdiyi toqquşma onun 5 saniyəlik cəza almasına səbəb olub. Nəticədə rus pilot 12-ciliyə geriləyib və son xalı Serxio Peres alıb.

Yarışdan çəkilən tək Sebastyan Fettel olmayıb – Robet Kubitsa, Kevin Maqnussen və Pyer Qasli yarışı tərk etməli olublar. Bununla belə, fransız və danimarkalı son təsnifata qeydə düşüblər.