Henrik Fisker yeni yığcam Pear modelinə olan marağı artırmağa cəhd edir və bunu yeni tizerlər vasitəsi ilə həyata keçirmək niyyətindədir. İki həftəlik fasilədən sonra o, “Armud” növbəti tizerini dərc edib. Yeni tizerdə gecə vaxtı şəhərdə şütüyən avtomobil təsvir edilir. Lakin əvvəlkindən fərqli olaraq, Fisker Pear modelinin ön tərəfinin tərtibatı daha aydın görünür. Bundan başqa, Henrik Fisker yeni modelin “inqilabi” elektromobil olacağını da vəd edib.

Qeyd etmək gərəkdir ki, Pear və Ocean modelləri arasındakı ümumi cəhətlər kifayət qədər çoxdur: məsələn, hər iki avtomobil nazik fənərlərə və kapotun ön ucunda yerləşən modelin adı yazılmış oyuğa malikdirlər. Odur ki, ön tərəfdən baxanda Pear ölçüləri kiçildilmiş Ocean modelinə bənzəyir.

Əvvəl də ehtimal etdiyimiz kimi, Fisker Pear yığcam krossover deyil, sadəcə eksteryerində idman cizgiləri olan adi hetçbek olacaqdır. O, Ocean krossoverindən daha kiçik olacaq və yalnız şəhərdə hərəkət etmək üçün nəzərdə tutulmuşdur.

Odur ki, yığcam elektrokardan böyük yürüş ehtiyatı gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, Fisker bu gün Instagram sosial şəbəkəsində dərc etdiyi yazıda Pear modelinin başlanğıc qiymətini də açıqlayıb - 29 900 dollar. Bu isə, Pear hetçbekinin Ocean krossoverindən 10 min dollar ucuz olacağını göstərir.

Pear modelinin yaradılmasında Fisker şirkəti ilə birlikdə iPhone smartfonlarının istehsalıçısı kimi tanınan Tayvanın Foxconn şirkəti də iştirak edib. Fisker şirkəti Pear modelinin istehsalına Ronin rosdteri ilə birlikdə 2024-cü ildə başlamağı planlaşdırır. Hər iki yeniliyin Ocean elektrik krossoveri kimi, Avstriyadakı Magna-Steyr zavodunda istehsal ediləcəyi də istisna olunmur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.