Yenidən həyata qaytarılmış ispan markası Hispano Suiza Fabrica de Automoviles təklif etdiyi Carmen elektrokarının "bərkgedən" versiyasının - Boulogne modelinin güc qurğusu və dinamikası haqqında məlumatları açıqlayıb. Retro kupe karbon kuzova malikdir və 100 km/saat həddini üç saniyədən az bir müddətdə toplayır.

İdman kupesi arxa təkərlərin hər birində yerləşən və daimi maqniti olan iki sinxron elektrik mühərriki ilə təchiz edilib. Güc qurğusunun ümumi hasilatı 1114 at qüvvəsi və 1600 Nm fırlanma anı təşkil edir. Xatırladaq ki, adi Hispano Siuza Carmen 1020 at qüvvəsinə malikdir.

Carmen Boulogne modelinin çəkisi 1630 kiloqramdır - bu, adi "Carmen" modelində olduğundan 60 kiloqram azdır. Hispano Suiza Carmen Boulogne sıfırdan 100 km/saata 2.6 saniyədən az müddətdə sürətlənir. Maksimal sürət - saatda 290 kilometrdir. Dolu batareya ilə kupe 400 kilometr məsafəni qət edə bilir. Sürətli yükləmə funksiyası sayəsində elektromobilin batareyasının 80 faizi 30 dəqiqə ərzində doldurmaq olar.

Hispano Suiza Carmen Boulogne modelinin dəyəri 1,65 milyon avrodan başlayacaq. Ümumilikdə, 19 eksklüziv elektromobil buraxılacaq. İlk nüsxələr alıcılara 2022-ci ildə çatdırılacaqlar.