Honda şirkəti Avropa bazarında satılacaq yeni nəsil HR-V krossoverini təqdim edib. Qeyd etmək gərəkdir ki, bu krossoverin Vezel adlanan versiyası Yaponiyada fevral ayında debüt edib.

O zaman, Honda şirkəti əsas diqqəti krossoverin şəkillərinə yönəldərək, avtomobil haqqında ətraflı məlumat verməmişdi. İndi isə krossoverin Honda HR-V adı altında Avropa bazarında satılacaq variantı nümayiş olunur. Üstəlik, avtomobil haqqında yeni detallar da peyda olub.

Nəslin dəyişməsi ilə krossover tamamilə fərqli nisbətlərə sahib olub. Əvvəlki dar gövdə uzun kapotu və "düz" damı olan daha əzələli və alçaq siluetli kuzovla əvəzlənib. İndi bütün işıq texnikası diodlardan hazırlanır, güzgülərin dayaqları isə pəncərə çərçivələrindən qapı panellərinə köçürülüb.

Əvvəlki modeldən irsən keçən bir neçə xüsusiyyətdən biri də arxa qapıların gizli tutacaqlarıdır.

Bununla birlikdə, təkər bazasının ölçüsü eynidir (2610 millimetr), ümumi ölçülər isə cüzi olaraq dəyişib: krossoverin uzunluğu 4330 millimetr, eni isə 1790 millimetrdir. Ən diqqət çəkən dəyişikliklər arasında 20 millimetr azaldılmış hündürlük (1590 millimetr) və 10 millimetr artırlmış (195 millimetr) klirens var.

Avropada yeni Honda HR-V yalnız 18-düymlük təkər diskləri ilə təklif ediləcəkdir. Müqayisə üçün, Yaponiyada satılan Hinda Vezel modelində 16-düymlük təkər diskləri də quraşdırıla bilər.

Mühəndislər salonu daha geniş etməyə çalışıblar. Bunun üçün hibrid versiyanın qurğularının yerləşdirilməsi dəyişdirilib: dartma batareyası artıq arxa divanın deyil, baqaj döşəməsinin altındadır, yanacaq çəni isə avtomobilin ortasına tərəf çəkilib.

Bundan başqa, oturacaqların bərkitmə nöqtələrinin yerləri dəyişdirilib, onların kürək hissələrinin qalınlığı isə azaldılıb - beləliklə cərgələr arasındakı məsafə dərhal 35 millimetr artıb. Sərnişinlərin çiyin zonasında daha çox məkan peyda olub, arxa divanın kürək hissənin əyilmə bucağı iki dərəcə artırılıb.

Mərkəzi tunelin arxa ucluğunda havalandırma sisteminin əlavə deflektorları quraşdırılıb və arxa oturacaqların firma transformasiya sistemi də qorunub saxlanılıb: yastıqlar qatlanaraq, böyük şaquli yük üçün yer aça bilərlər. Bundan başqa, baqajın kandarı da bir qədər aşağı salınıb.

Tərtibat materiallarının keyfiyyəti yaxşılaşdırılıb, ön paneldə daha çox yumşaq zonalar peyda olub. Cihazlar paneli analoq sürətölçən və yeddi düymlük ekranla təchiz olunur, doqquz düymlük sensorlu ekranı olan mediasistem isə yeni menyu quruluşuna və "hava üzərindən" yenilənmə qabiliyyətinə msahib olub.

Krossoverin təchizatına ön kamerası olan Honda Sensing elektron köməkçiləri dəsti daxil edilib: kompleksə  adaptiv kruiz-kontrol, zolaqda saxlama funksiyası və digər köməkçilər daxildir.

Yaponiya bazarında satılan Honda Vezel modeli sırf benzin mühərriki ilə təklif edilsə də, Avropa bazarı üçün nəzərdə tutulmuş Honda HR-V krossoveri alternativsiz olaraq hibrid güc qurğusu ilə təchiz edilir. E: HEV sistemi, şirkətin digər benzin-elektrik modellərindəki qurğular ilə eyni quruluşa malikdir.

Güc qurğusunun tərkibinə həndəsi sıxılma nisbəti 13,5: 1 olan və Atkinson dövrü əsasında işləyən 1,5-litrlik dördsilindrli (106 at qüvvəsi və 127 Nm) atmosfer mühərriki iki elektromotor daxildir.

Elektromotorlardan biri daxili yanma mühərrikinə qoşulub və generator rejimində işləyir, ikincisi isə təkərləri fırladır. Elektrik mühərrikinin hasilatı 131 at qüvvəsi və 253 Nm fırlanma anıdır.

Əksər hallarda belə hibrid elektrik ötürməsi ilə hərəkətə (DYM yalnız generatoru idarə edir) gəlir, elektrik mühərrikinin səmərəliliyi düşdüyü yüksək sürətlərdə isə, mufta benzin mühərrikini birbaşa təkərlərə bağlayır. Avtomobildə ötürmələr qutusu yoxdur.

Honda HR-V hibrid krossoverini həm ön, həm də tam ötürmə ilə sifariş etmək olar. İkinci halda, kardan valı və qoşulma muftası olan ənənəvi bir 4x4 transmissiyası quraşdırılır.

Ön ötürməli versiyalarda yarımüstəqil arxa asqı, tam ötürməli versiyalarında isə stabilizatoru olan De-Dion asqısı quraşdırılır. Bununla yanaşı, Honda HR-V modeli ilk dəfə olaraq, 3 km/saat sürətilə işləyən enməyə yardım sistemini əldə edib.

Avropaya yeni krossoverlər Yaponiyadan gətiriləcəklər, çünki Honda bu il Köhnə Dünyadakı  zavodlarını bağlayacaqdır. Honda HR-V modelinin satışlarının payızda başlanması planlaşdırılır.

Qeyd etmək gərəkdir ki, Honda HR-V/ Vezel ailəsində tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn modifikasiya da olacaqdır. Belə bir krossover Şanxayda keçirilən avtosalonunda nümayiş etdirilib - doğrudur, Honda SUV e: Prototype adlanan krossover hələlik konsept statusunda debüt edib.

Elektrokar seriya krossoverindən ön tərəfin fərqli dizaynı və əlavə kuzov dəsti ilə seçilir. Elektrik krossoverinin texniki hissəsi ilə bağlı ətraflı məlumat yoxdur. Onun seriya versiyası 2022-ci ilin yazında işıq üzü görəcək və Çin bazarında satılan ilk Honda elektrokarı olacaqdır.