Hyundai Lafesta sedanı Çində iki il əvvəl debüt edib və bu müddət ərzində 157 mindən çox alıcısını tapıb. Ancaq son zamanlarda modelə olan tələbat azalmağa başlayıb. Buna görə də, istehsalçı gənclərə ünvanlanmış modelin imicini gücləndirmək üçün, onun planlaşdırılmış yenilənməsini həyata keçirib.

Yenilənmiş model əvvəlkindən bir qədər dəyişdirilmiş qara rəngli radiator barmaqlığı və genişləndirilmiş təkərdiskləri çeşidi ilə fərqlənir. Əlavə olaraq, bagaj qapağında qeyri-adi antiqanadı və tünd interyer dekoru olan yeni Luxury Sport versiyası da peyda olub. İnteryerdəki təkmilləşdirmələr yalnız yeni tərtibat variantlarından ibarətdir.

Image alt Image alt Image alt Image alt

Mühərrik çeşidində də dəyişiklik var: 140 at qüvvəli 1,4-litrlik dördsilindrli turbomühərrikdən imtina edilib. İndi Hyundai Lafesta modeli iki güc variantında (190 və ya 204 bg) təklif edilən 1,6-litrlik turbomühərriklə təchiz olunacaqdır. Güc aqreqatı iki muftalı yeddi pilləli "robot" ilə tandemdə çalışacaqdır.

Baza mühərrikindən imtina avtomobilin başlanğıc qiymətinin artmasına gətirib çıxarıb. Əvvəllər 119 min yuandan (18.345 dollar) başlayan qiymətlə təklif edilən model, indi 139 min yuandan (20.490 dollar) başlayan qiymət ilə satılır. Yeri gəlmişkən, Lafesta modelinin çeşidində elektrik ilə hərəkətə gələn Lafesta EV sedanı da mövcuddur. Elektrokarın debütü keçən il baş tutduğu üçün, onun yenilənməsi daha sonra həyata keçiriləcəkdir.