Hyundai şirkəti Kanada mənşəli SoundHound firması ilə birlikdə səslə idarə edilən Intelligent Personal Agent kompleksini hazırlayır.

Virtual köməkçi tapşırıqları yerinə yetirir, suallara cavab və faydalı məsləhətlər verir.  Bu sistemin sadələşdirilmiş variantını FCEV krossoveri əldə edəckdir. Krossoverdən yeni sistemi Cənubi Koreyada sınaqdan çıxarmaq üçün istifadə ediləcəkdir. 2019-cu ildən başlayaraq intellektual agent Hyundai şirkətinin yeni modellərində quraşdırılacaqdır.

Assistent SoundHound mütəxəssisləri tərəfindən on il ərzində hazırlanmış Houndify süni intellekt platformasında yaradılmışdır. Fərdi agent sürücünün tələbatını öyrənərək ona planlaşdırılan görüşləri xatırlada, və yaxud tıxacları nəzərə alaraq yola düşmə vaxtını tövsiyə edə bilər. Eyni zamanda, sistemin köməkliyi ilə avtomobilin vəziyyətinə nəzarət etmək və ağıllı evlə əlaqə yaratmaq imkanı da verəcəkdir. Bu agent çoxsaylı komandalara reaksiya vermək imkanına malikdir.

Məsələn, “Mənə sabah havanın necə olacağını de və qonaq otağında işığı yandır” frazası iki ayrı xahiş kimi qəbul edilir. Hələlik sistem yalnız ingilis dilini anlayır. Sonradan sistemin bir neçə dilə sahib olacağı da bildirilib.