Hyundai şirkəti yeni pikap modelinin bazara çıxışını maksimal dərəcədə sürətləndirmək niyyətindədir. Artıq avtomobilin dizaynı da razılaşdırılıb və onun seriya istehsalına başlanması üçün hazırlıq işləri gedir. Amerka bazarında yeni pikap Ford Ranger və Toyota Tacoma, Avropada isə Mercedes-Benz X-Class və Renault Alaskan modelləri ilə rəqabət aparacaqdır. Kia markasından olan analoji modelin buraxılması məsələsinə də baxılır.

Hyundai şirkətinin pikap hazırladığı barədə bir müddət bundan əvvəl Automotive News nəşrinə müsahibə verən Hyundai Motor şirkətinin prezidenti və baş icraçı direktoru Li Vonhi bildirmişdir. Markanın baş dizayneri Lyuk Donkervolkenin bildridiyinə görə, pikapın dizaynı üzərindəki işlər başa çatıb. Bu o deməkdir ki, pikapı yalnız sınaqlar gözləyir. İlkin məlumata görə, pikapın satışlarına 2021 və ya 2022-ci ildə start veriləcəkdir.

Kia markasını daşıyan pikap isə bir müddət sonra debüt edəcəkdir. Hələlik, marka krossoverlər seqmentində olan mövqelərini möhkəmləndirməlidir. Gələn il Kia səkkizyerli Telluride krossoverinin satışlarına başlamalıdır. Bundan sonra, Kia rəhbərliyi model xəttinin genişləndirilməsi məsələsinə baxacaqdır.

Yeni pikapın əsasını növbəti nəsil Tucson modelinin platforması təşkil edəcəkdir. Onun dizaynı isə, dörd il bundan öncə Detroyt avtosalonunda nümayiş etdirilmiş Santa Cruz konseptinin üslubunda olacaqdır.