Hyundai şirkəti Venue krossoverləri üçün təklif etdiyi transmissiyaların diapazonunu genişlətdiyini elan edib. Koreya istehsalçısı bir ay ərzində Hindistandakı alıcılarına mufta pedalı olmayan mexaniki ötürmələr qutusunu təklif edəcəkdir. Hyundai şirkətindən bildirildiyinə görə, iMT (Intelligent Manual Transmission) texnologiyası avtomatik və mexaniki ötürmələr qutularının üstünlüklərini birləşdirəcəkdir.

İntellektual 6-pilləli iMT mexaniki ötürmələr qutusu mexaniki və avtomatik qutuların hibrididir. Muftasız iMT qutusu ilə təchiz edilmiş avtomobili idarə edərkən, sürücü müstəqil olaraq pillələri dəyişdirmə anını seçir və bunun üçün adi H-şəkilli gedişi olan dəstəkdən istifadə edir. Üstəlik, başqa pilləyə keçmək üçün akselerator pedalını buraxmaq lazım deyil.

"Autocar India" nəşrinin bildirdiyinə görə, transmissiya qutunun idarəetmə bloku ilə əlaqəli olan "niyyət sensorunun" köməyi ilə mümkün ötürmə zamanını müəyyənləşdirir. Sürücü  pilləni əllə dəyişərkən, qutunun idarəetmə bloku avtomatik olaraq muftanı işə salır.

Hyundai mufta pedalının olmamasının tıxaclardakı hərəkət zamanı idarəetməni asanlaşdırdığını iddia edir. Bununla belə, sürücünün idarəetmə prosesində maksimal dərəcədə iştirakı və kəskin sürətlənmə lazım olduqda istədiyi pilləni seçmək imkanı saxlanılıb. İMT transmissiyanın adi mexaniki qutu qədər qənaətcil ola biləcəyi də qeyd edilir.

Hyundai Venue modelinin iMT qutusu ilə təchiz edilmiş versiyalarının Hindistan bazarındakı satışlarına iyul ayında başlanacaqdır. İMT qutusu 120 at qüvvəli 1,0-litrlik turbomühərriklə birləşdiriləcəkdir. İMT ötürmələr qutusu ilə yanaşı, 6-pilləli mexaniki qutu və 7-pilləli "robot" da təklif ediləcəkdir. Gələcəkdə, "ağıllı" qutu Hindistan bazarı üçün nəzərdə tutulmuş Kia Sonet krossoverində də təklif ediləcəkdir. Yəqin ki, zaman keçdikcə qeyri-adi transmissiya digər bazarlarda da təklif ediləcəkdir.