Azərbaycan Respublikasının Vergi Məcəlləsinə yeni dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu dəyişikliklər ölkəmizə idxal edilən avtomobillərin satış qiymətlərinə ciddi təsir göstərə bilər. Məlumdur ki, avtomobillərin idxalı zamanı gömrük rüsumu hesablanır. Rüsum idxal vergisi və aksiz, həmçinin avtomobilin gömrük dəyəri və göstərdiyimiz iki verginin cəminə hesablanmış əlavə dəyər vergisi hesabına formalaşır.

Beləliklə, təklif edilən dəyişiklər arasında mühərrik həcminə görə hesablanan aksiz vergisinin də gələn ildən etibarən artırılması nəzərdə tutulub. Ümumilikdə yeni dəyişikliklər iri həcmli mühərrikə malik olan avtomobillərin ciddi bahalaşmasına gətirib çıxaracaqdır. Sirr deyildir ki, avtomobil sektoru özünün çətin günlərini yaşayır: manatın dollara qarşı dəyər itirməsi avtomobillərin satış qiymətlərinin ciddi şəkildə artması və satışların kəskin azalması ilə nəticələnibdir. Məlum məsələdir ki, satışların kəskin azalması bu sektorda çalışan şirkətlərin vəziyyətini çətinləşdiribdir. Təklif edilən dəyişikliklərin onların vəziyyətini yüngülləşdirəcəyini düşünmək sadəlövhlük olardı.

Bu sektorun dirçəlməsi üçün elektromobillərə tətbiq edilən rüsumlara yenidən baxılmasına ehtiyac vardır. Elektrik aqreqatları ilə hərəkət edən nəqliyyat vasitələrinə tətbiq edilən rüsumların sıfıra endirilməsi sektorun yenidən canlanmasına və elektromobillərin satışlarının artmasına səbəb ola bilər. Hər halda ekologiya dostu olan nəqliyyat vasitələrinin populyarlaşması ekoloji vəziyyətin yaxşılaşmasına da xidmət göstərərdi. Sərbəst qalmış yanacağın ixracını təşkil edərək büdcəyə daxil olan valyuta vəsaitlərinin artmasını da təmin etmək olar. Atalar demişkən “bir güllə ilə iki quş vurmaq” olar...

Aksiz vergisinə ediləcək dəyişiklər ilə bu cədvəldə tanış ola bilərsiniz.