Son zamanlar Jeep şirkətinin başı bəladan açılmır. Bir müddət bundan öncə, Wrangler modelinin sahibləri toplaşaraq şirkətə qarşı kollektiv iddia qaldırmışdılar. Bu günlərdə isə, amerikan istehsalçısı daha bir xoşəgəlməz halla qarşılaşıb. Jeep şirkəti keçən il satışa çıxan Jeep Gladiator pikapının keçən həftədən geriçağırma kampaniyasına başlayıb. Bu gün isə, şirkət ümumiyyətlə pikapın satışlarını dayandırılıb. Bəs belə radikal addımın atılmasına nə səbəb olub?

İstehsalçının bildirdiyinıə görə, əsas problem kardan valı ilə bağlıdır: belə ki, yığılma zamanı monoblok şarnirlərdən biri gərək olduğu şəkildə yağlanmayıb. Bu səbəbdən də, 15 dekabr 2018-ci ildən 25 iyun 2019-cu ilə qədər buraxılmış pikapların istismarı təhlükəli ola bilər.

ABŞ-ın Yol təhlükəsizliyi milli administrasiyasının (NHTSA) məlumatına görə, pikapda əvvəlcə kənar səslər, sonra isə, sınma ilə nəticələnən titrəyişlər peyda ola bilər. İstehsalçı 18 oktyabrdan başlanacaq təmir kampaniyasında defektli detalın pulsuz şəkildə yenisi ilə dəyişdiriləcəyini bildirib.

Geriçağırma kampaniyası 3427 ədəd Jeep Gladiator modelini əhatə edir. Bu avtomobillərin arasında dilerlərin anbarlarında olan pikaplar da vardır. Bununla əlaqədar olaraq, şirkət pikapın satışlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Bu qadağanı pozan satıcıları 21 min dollar məbləğində ciddi cərimə gözləyir. Təmirdən sonra pikaplar yenidən satışa çıxarılacaqdırlar.

Belə müsibətlər hər bir avtomobil istehsalçısının başına gələ bilər. Əsas məsələ, istehsalçının problemi tezliklə aşkar edib, faciə baş vermədən aradan qaldırmasındadır. Daha dəvəquşu kimi başını quma soxaraq problemin olmadığını düşünmək deyil…