Scuderia Ferrari komandası Karlos Sayns ilə 2-illik müqavilə bağladığını bəyan edib. İspan pilot bu mövsümün sonunda italyan komandasından tərk edən Sebastyan Fetteli əvəzləyəcək və Şarl Leklerin komanda yoldaşı olacaqdır. Monakolu və ispaniyalının dueti, son 50 ildə Ferrari komandasını təmsil edən ən gənc pilot cütlüyü olacaqdır.

Alman pilotun gedişi keçidlərin başlanmasına təkan verib: bu gün McLaren komandası Ferrari komandasına keçən Karlos Saynsı Daniel Rikkardonun əvəzləyəcəyini bildirib - tərəflər çoxillik müqaviləyə imza atıblar. Beləliklə, McLaren komandası da 2021-ci il mövsümü üçün pilot heyətini tamamlayıb - Rikkardonun komanda yoldaşı Lando Norris olacaqdır.

Sebastyan Fettelin karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil: Auto Bild dərgisinin bildirdiyinə görə, Fettel McLaren komandasının təklifini rədd edib, çünki o titul uğrunda mübarizə aparmaq üçün üç il gözləmək istəmir. Nəşr, Fettelin yalnız Mercedes komandasına keçməyə razı olduğunu ehtimal edir, əks təqdirdə, dördqat dünya çempionu F1 çempionatındakı karyerasına son verə bilər.