Şalvarın kəmərinin olması adi hal kimi görünsə də, kəmər halqaları (ing. Belt Loops) olmayan şalvarlar bir çoxlarına təəcüblü gələ bilər, çünki sonuncu halda kəmər halqalarının yerinə bel hissədə yan tənzimləyicilər (ing. Side Adjusters) yer alır. Bəs onların nə fərqi var?

Cins, çinos və kostyumun şalvarı ilə kəmər diqqət çəkən aksessuardır. Kəmərin növündən, materialından və toqqasından asılı olaraq müəyyən stil yaratmaq mümkündür. Kəmərin rənginin ayaqqabı ilə ahəng olması qəbul edilib. Lakin bəzi insanlar üçün, onların rənglərini uyğunlaşdırmaq problem yaradır. 

Idealda ayaqqabı, bel kəməri və saat kəmərinin rəngləri ahəng olmalıdır

Qayda: qara ayaqqabı ilə qara kəmər, qəhvəyi ayaqqabı ilə qəhvəyinin istənilən çaları, digər rənglərində müxtəlif çalarları ola bilər. Ağ ayaqqabı ilə ağ rəng kəmər deyil, şalvarın rənginə uyğun seçmək məsləhətdir.

Şalvarın yan tənzimləyiciləri kəmərdən və onun rəngini seçməkdən can qurtarmaq üçün yaxşı alternativ ola bilər. Bəs, belə alternativ varsa, niyə hələ də kəmərlərdən geniş istifadə olunur? 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Yan tənzimləyicilər nədir? 

Yan tənzimləyicilər əsasən bel hissəsinin genişliyini dəyişdirməyə imkan verən şalvarın yan tərəfindəki əlavələrdir. Əgər belinizin həcmi tez-tez dəyişirsə, şalvarın belini asanlıqla tənzimləmək olur.

Tənzimləyiciləri ənənəvi olaraq daha çox premium brendlərin şalvarlarında istifadə edilirlər, nadir hallarda isə, onlara cins və ya çinoslarda da rast gəlmək mümkündür.

Yan tənzimləyicilər müxtəlif olur. Ən çox rast gəlinən (şəkildə göstərildiyi kimi) metaldan hazırlanmış yan tənzimləyicidir. Şkif sistemi kimi işləyir, kiçik kəmərçikləri çəkərək beli daraltmaq olur. Tənzimləyicilər üçün istifadə olunan müxtəlif növ metal toqqalar mövcuddur. Onlar altıbucaqlı, düzbucaqlı yaxud digər formalarda olur və eyni şəkildə işləyirlər.

Yan tənzimləyicilərin bu qədər ağıllı olmasına baxmayaraq, onların bir çatışmazlığı var – yalnız beli daraltmaq mümkündür. Şalvarı alarkən yaxud sifariş edərkən belinin yetərli qədər ölçüdə olması vacibdir ki, daraltmadan öncə hər tərəfdən 5 sm-ə qədər geniş olsun.

Düyməli bel tənzimləyicilər digər bir alternativdir. Bu sistemdə tənzimləmələr daha azdır və şalvarın belini müəyyən ölçü aralıqları ilə kiçiltmək olur. Belə kəmərçiyi ən uyğun düyməyə dəyişməklə bel kiçilir. Çatışmazlığı isə, daha az daraltma imkanlarının olmasıdır – tənizmləmə diapazonu öncədən tikilmiş düymələrin məsafəsindən və sayından asılıdır.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Niyə Kəmər?

Yan tənzimləyicilərin mövcudluğu kəmərlərin populyarlığına heç cür təsir etmir. Tənzimləyicilər eksklüziv və retro avtomobilə bənzəyir, hər kəs üçün əlçatan deyil, çünki ya bahalı şalvarlarda, yaxud xüsusi sifarişlə tikilənlərdə olur.

Şalvar kəmərlərinin populyarlaşması hazır şalvarların kütləvi istehsalından başlayıb. Şalvarların çoxlu sayda alıcılara uyğun gəlməsi üçün kəmərin istifadəsi ən yaxşı çıxış yolu idi. Kəmərin tətbiqi, bel ölçüsü və bədən formasına uyğunlaşan şalvarları kütləvi şəkildə istehsal etməyə imkan verir. 

▶︎ Əksəriyyət istehsalçılar xərcləri azaltmaq üçün şalvar ölçülərini 2 bədəndən bir (məsələn, 30, 32, 34, 36 və s.), standart uzunluqlu balaqla təklif edir. Lakin, bu sahədə ixtisaslaşan brendlər hər bədən və bir neçə boy ölçüsünə görə şalvarlar istehsal edir. Bu da şalvarın ölçüsünü daha uyğun seçmək imkanı verir. 

Bəzən həm kəmər halqaları, həm də yan tənzimləyiciləri olan şalvarlara rast gəlmək olar. Əgər şalvarda halqalar mövcuddursa, mütləq kəmər taxılmalıdır.

Dizaynerlər kəmərlərin müxtəlif növünü yaradırlar, marketoloqlar isə onları populyar etmək üçün fəşn stilistlər ilə birlikdə yeni və müxtəlif tərzləri trendə çevirirlər. Kəmərin ayaqqabıya uyğun və ahəng olması, şalvarın fasonundan asılı olaraq müxtəlif eni olan kəmərlər (3, 3.5, 4, 4.5 mm) və geniş çeşiddə toqqalar təklif olunması satışlara güclü təkan verir. Həm də kəmərlə şalvarın belini tənzimləmək istifadəçi üçün daha asan gəlir. Nəticədə, yan tənzimləyicilər tədricən yaddan çıxdılar və onların yerini kəmərlər tutdu. 

Yuxarıda göstərilənlərlə yanaşı, kəmər istehsalı əsasən yan məhsuldur. Məsələn dəri geyimlər istehsal edərkən qalan parçaları kəmərə yönəltmək olar ki, bu da onun maya dəyərini aşağı salmağa kömək edir. Üstəlik, kəmərlərin pərakəndə qiymətləri yüksək olur.

Kəmər gözəl və universal aksessuar olsa da, onun da çatışmayan cəhətləri var. Şalvarın beli çox böyük olarsa, kəməri sıxarkən, beldə çoxsayda qırışlar yaranır. Bu da narahatçılıq və bərbad görünüş yaradır. Ona görə də, şalvarı kiçiltmək üçün atelyeyə müraciət etmək məsləhətdir.

▶︎ Kəmərin uzunluğunu düzgün seçmək üçün bel ölçüsündən 1 ölçü böyük götürmək lazımdır. Məsələn, cinsin (bel) ölçüsü 34-dürsə, kəmər 36 seçilir. Yaxud beli ölçərək, alınmış rəqəmin üzərinə 15 cm artıqmaq lazımdır. Misal üçün, belin ölçüsü 95 sm olduğunda, kəmərin uzunluğu 110 sm-ə yaxın seçilir.

Bəs hansı variantı seçmək lazımdır? 

Kəmərin digər bir xüsusiyyəti də bədənin düz ortasında yerləşdirdiyi üçün boyun hündürlüyünü azaltmasıdır.

Kəmər uyğundur, əgər:
• Belin ölçüsü tez-tez dəyişmirsə;
• Qarderobda çoxlu sayda kəmər halqası olan şalvarlar varsa;
• Kəmərlə öz xüsusi tərzinizi nümayiş etdirmək məqsədi olduqda;
• Boyunuz çox hündürdüsə, kəmərin hesabına onu qısaltmaq məqsədi mövcuddursa.

Yan tənzimləyicilər uyğundur, əgər:
• Belinizin ölçüsü tez-tez dəyişirsə;
• Kəməri ayaqqabıya uyğunlaşdırma prosessini problem sayırsınızsa;
• Boyunuz hündür deyil, kəmər isə onu vizual olaraq qısaldırsa;
• Daha dəbli və özəl görünmək hissi varsa.

Bu variantlardan hansının daha yaxşı olması barədə mübahisələr mənasızdır, çünki seçim hər kəsin öz baxışına, zövqünə və cibinə bağlıdır. Həm də qarderobda hər iki növ şalvar üçün yer var. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.