Bir müddət bundan əvvəl Cənubi Koreya istehsalçısı olan KİA şirkətinin yığşam modeli olan Morning modelinin təsvirlərini dərc etmişdik. Bildiyimiz kimi, bu model bizim bazarda KİA Picanto adı ilə satılır. Bu günlərdə koreyalı istehsalçı avropa bazarı üçün nəzərdə tutulmuş Picanto modelinin də təsvirlərini dərc etmişdir.

Təsvirlərdən göründüyü kimi, Kia Picanto ən “bərkgedən” variantda GT Line modifikasiyasında qarşımızda durmuşdur. Aqressiv görkəmli  Picanto GT Line idman xarakterli cizgiləri ilə seçilir. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Koreya və Almaniyadakı dizayn studiyaların birgə məhsulu olan modelinin yeni nəsli cari modeldən radiator barmaqlığı ilə “birləşdirilmiş” yeni formalı ön fənərlərlə seçilir.Bundan əlavə, tərtibatı dəyişdirilmiş arxa fənərləri də müşahidə etmək mümkündür.

Bu dəfə KİA həmçinin Picanto GT Line modelinin interyerinin fotoşəklini də dərc etmişdir.

Şəkildən də göründüyü kimi, avtomobilin salonunda yeni nəsil KİA Rio modelinin dizayn üslubunda hazırlanmış klimat-kontrol  sistemini, həmçinin Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən multimedia sisteminin yeni idarəetmə blokunu və bir sıra yeni texnologiyaları  əldə etmişdir. 

Bununla belə, istehsalçı yeni Picanto modelinin təchiz ediləcəyi mühərrik çeşidi barədə məlumat verməmişdir. Çox güman ki, yeni Picanto 1.0-litrlik üç silindrli turbomühərriklə təchiz ediləcəkdir ki, bu mühərrik də iki variantda 100 və 120 at qüvvəli variantlarda təklif ediləcəkdir. 

Güc aqreqatları standart olaraq mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdirlər. Alternativ olaraq avtomatik ötürmələr qutusunu da sifariş etmək mümkün olacaqdır. Avropa üçün nəzərdə tutlan Picanto modelinin təqdimatı isə, çox güman ki, gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.