Kia şirkəti «yolsuzluq» hetçbeki olan XCeed modelinin ilk rəsmi şəklini və model haqqında müəyyən məlumatı dərc edib. İri krossoverlərə alternativ olacaq hetçbekin təqdimatı 26 iyun tarxində keçiriləcəkdir.

Kia XCeed modelinin dizaynı üzərində Cənubi Koreya istehsalçısının Frankfurtda yerləşən Avropa dizayn mərkəzinin mütəxəssisləri işləyiblər. Dizaynerlər yüksək klirens və aşağıda yerləşdirilmiş sürücü oturacağının hetçbeki daha idman xarakterli etdiyini və sürücünün müşahidə dairəsini yaxşılaşdırdığını hesab edirlər. 

Kia XCeed bu ailənin digər modellərindən tamamilə dəyişdirilmiş ön hissəsi ilə seçilir. Avtomobil başqa radiator barmaqlığına, yeni formalı fənərlərə, həmçinin üfüqi gümüşü xəttləri olan ön bamperə sahib olub. Arxada isə dəyişikliklər cüzi xarakter daşıyır: burada başqa baqaj qapağını, fənərləri və buraxılış sisteminin çıxış boruları quraşdırılmış «diffuzoru» görmək olar.

İlkin məlumata görə, Kia XCeed modelinin istehsalına bu ilin oktyabr ayında başlanacaqdır. İnsayderlər avtomobilin öndən və tam ötürməli çəkiş sistemləri ilə təklif ediləcəyini bildiriblər. Modelin mühərrik çeşidinə gəldikdə isə, yeni model aqreqatları adi Ceed modeli ilə bölüşəcəkdir.