Son dövrlərdə ideyalarında və həyata keçirdiyi bir çox şeydə sərhəd tanımayan bir nəfər var. İlon Mask. Onu çoxları Testla-nin rəhbəri kimi tanıyır, lakin son onillikdə əsas diqqətini sahibi olduğu digər şirkət - SpaceX üzərində cəmlədiyini görə bilirik. Ardıcıl innovasiyalar gətirən Maskın dediklərinə ilk vaxtlar çox adam inanmasa da, artıq hamı başa düşür ki, ondan hər şey gözləmək olar.

Mask bir neçə il əvvəl kosmonavtikada ciddi addım atdı. Falcon 9 raketləri tarixə ilk təkrar istifadəsi mümkün olan raketlər kimi düşdülər. O, missiyasını yerinə yetirdikdən sonra qayıdaraq yerə şaquli vəziyyətdə eniş edə bilir. Eyni raketdən dəfələrlə istifadə isə xərclərin kəskin azalmasına xidmət edir.

Bu raketlərlə 2010-cu ildə bəri nə az, nə çox, düz 85 missiya yerinə yetirilib ki, biz onlardan ən sonuncusu, 27 maya planlaşdırılan, lakin hava şəraiti imkan vermədiyindən, mayın 30-da, Bakı vaxtı ilə 23:22-də reallaşdırılan və kosmosa 2 nəfəri - Duqlas HörliniRobert Benkeni daşıyan Crew Dragon Demo-2 barədə danışacağıq. Qeyd edək ki, bu, hər iki astronavtın sayca 3-cü kosmik səfəridir.

Bu missiyaya qədər cəmi 3 ölkəyə aid 8 vasitə (ABŞ - Mercury, Gemini, Apollo, Space Shuttle; Rusiya - Vostok, Voskhod, Soyuz; Çin - Shenzhou) Beynəlxalq Kosmik Stansiyaya (BKS) insan aparıb. Artıq bu siyahıya Dragon kapsulası da qoşulub. SpaceX isə bu missiya sayəsində kosmosa insan aparan ilk özəl şirkət ünvanını əldə edib.

Zarafat deyil, həqiqətən də, Dragon-a "Space Taxi" ("Kosmik Taksi") ləqəbi verilib. Həm kapsulanın özü, həm də bu missiyanın bütün mərhələləri o qədər fərqlidir ki, bizi kosmonavtikada yeni çağın başlamasına inandırır. 20-30 il əvvəlki filmlərdə göstərilənlərin artıq canlı şahidi oluruq.

Bu missiyanı digərlərindən fərqləndirən 5 əsas amilə nəzər yetirək:

1. Nəqliyyat

Əvvəlcə astronavtları uçacaqları yerə - Kennedi Kosmik Mərkəzinə aparan maşından danışaq. Onlara mərkəzə olan 14 km-lik məsafədə Tesla Model X xidmət göstərib. Space X - Model X... Sanki hər şey bu günlər üçün əvvəlcədən düşünülmüş marketinq addımlarıdır. 

2. Astronavtların geyimləri

Bu geyimlərin dizaynı da SpaceX tərəfindən xüsusi olaraq hazırlanıb. Bunun üçün Batman, Wonder Woman, Wolverine, Black Panther kimi filmlərin kostyum dizaynerləri ilə birlikdə çalışıblar. Bu kostyumlar görünüşcə NASA və rusların istifadə etdiyi klassik kosmik geyimlərdən xeyli fərqlənir.

3. Dragon kapsulası

Ən əsas fərq məhz buradadır. Oturacaqların rəngindən, cihazların yerləşdirilməsinə qədər bir çox şey Tesla avtomobillərinin dizaynını xatırladır. 4 metr eni, 8 metr hündürlüyü olan Dragon elə Tesla Model X kimi maksimum 7 nəfər üçün nəzərdə tutulub. Alt hissəsində 37 kub-metrlik baqaj yeri var. İlk insanlı uçuşunda 2 nəfəri aparsa da, gələcək missiyalarda daha çox adamı kosmosa çıxaracağı gözlənilir.

4. İdarəetmə

Tesla avtomobillərinin ən əsas xüsusiyyətlərindən biri ənənəvi idarəetmə vasitələrinin sensor monitorlarla əvəzlənməsidir. Dragon-da da eyni addım atılıb. Kosmonavtlar üçün 3 böyük ekran var. Bir çox şey avtomatik yerinə yetirilsə də, kosmonavtlar lazım olduqda, mexaniki idarəetməyə keçə bilirlər.

Əvvəlki kapsullar BKS-a robotik qolla bərkidilirdi. Dragon isə birləşmə işini özü yerinə yetirə bilir. Əgər hər hansı problem baş verərsə, uçuş heyəti prossesi mexaniki olaraq idarə edə bilərlər.

5. Uçuş

Havaya qalxdıqdan 2,5 dəqiqə sonra Falcon 9 "booster"-ları öz işlərini tamamlayaraq yerə qayıdıblar. Daha 3,5 dəqiqə sonra isə uçuşun ikinci mərhələsi də başa çatıb və Dragon BKS istiqamətində olan səfərini tək davam etdirib. Həssas manevrlərlə 19 saat uçan kapsula uğurla BKS-a birləşib. Hörli və Benkeni biri amerikalı, ikisi isə rus olan və apreldən bəri orada fəaliyyət göstərən 3 astronavt salamlayıb.

Bu, 2011-ci ildən bəri ABŞ torpaqlarından həyata keçirilən ilk insanlı kosmik uçuşdur. NASA öz kosmik vasitələrini təqaüdə göndərdikdən sonra ABŞ bu xidmət üçün Rusiyaya kosmosa göndəriləcək hər adam başına 85 milyon dollar pul ödəyirdi.

Hər iki astronavt hələ bir müddət orada işləyəcək. Bizi isə maraqlandıran Mask və SpaceX-ın növbəti "hoqqaları"-dır. Məhz SpaceX-ın fəaliyyəti nəticəsində hazırda bir "əjdaha" bütün qartallardan daha yuxarıda uçur...