Avtomobil aləmi ilə yaxından maraqlananlar yəqin ki, Lada Vesta avtomobili ilə bağlı olan reklam kampaniyasını yaxşı xatırlayırlar - uzun müddət “NeVesta” kəlməsi İnternet məkanında tez-tez rast gəlinən sözlərdən oldu. Avtomobili ilk test edən Rusiya və Belarusdan olan həmkarlarımız onun şəninə təriflər yağdırdılar və yeni avtomobili rus avtomobil sənayesinin böyük uğuru kimi qiymətləndirdilər.

Bu mənim uşaqlıqda şahidi olduğum bir hadisəni xatırlatdı. Biz hər il yay tətillərində  dədə-babadan yaylaq yerlərimiz olan Cəlaloğlunda (indiki Ermənistan) istirahət edirdik və hər zaman yaylağa ata yurdumuz olan Borçalıdan yollanardıq. O zamanlar atamın dostlarının ZİM, Moskviç avtomobilləri vardı və biz onlardan istifadə edərək yaylağa gedərdik. Günlərin bir günü qohumlarımızdan biri yeni aldığı Jiquli avtomobili ilə yaylağa yollanmağı təklif etdi.

Böyüklərin söhbətindən Jiqulinin tanıdığımız Moskviçə nisbətən daha rahat, idarəetmədə daha çevik olduğunu eşidirdik.

Hətta, söhbət zamanı “ceyran kimidir” epitetlərini də eşitmiş olduq. Həqiqətən, o zamanlar Juquli avtomobili Moskviçə nisbətən daha müasir dizayna, texniki hissəyə və dinamik xarakteristikalara malik idi. Jiquli Sovet avtomobil sənayesi üçün böyük bir irəliləyiş olmuşdu. Sovetlər ölkəsi dağıldıqdan sonra ölkəyə gətirilən xarici avtomobillər Sovet avtomobil sənayesinin nə qədər geridə qaldığını açıq-aşkar göstərdi.

Voljsk avtomobil zavodunun istehsal etdiyi məhsulun kefiyyəti dəfələrlə aşağı düşdüyündən əhali arasında Lada avtomobillərinə verilən məzəli ləqəblərin sayı sürətlə çoxalmağa başladı.

Bu nöqtədən Vesta daha cazibədar görünür

Artıq bir çoxlarının düşüncələrində VAZ markalı avtomobillər kefiyyətsiz, səs-küylü, etibarsız və texniki cəhətdən geridə qalmış və çox təhlükəli avtomobillər kimi yadda qalmışdı. Elə bu səbəbdən də həmkarlarımın yeni Lada Vesta modeli haqqında icmalları ilə tanış olarkən məndə belə bir sual yarandı – “Doğrudanmı Lada Vesta bu qədər yaxşı alınıb?”. Doğrusu, AvtoVAZ şirkətinin yerli nümayəndəsində test avtomobilinin mövcudluğu məndə sual doğururdu və verlişlərin birində Lada Vesta avtomobili ilə diler mərkəzinin həyətində dövrə vurulması hər şeyə aydınlıq gətirdi.

Bu yay Minskdə olarkən rus istehsalçısının yerli nümayəndəsi olan  “Minsk-Lada” şirkətinə test üçün müraciət etsəm də, avtomobilə olan böyük tələbat və vaxt çatışmamazlığı üzündən test baş tutmadı və mən Bakıya qayıtmalı oldum.

Bu yaxınlarda yenidən Minskə səfər edərkən yerli həmkarlarımdan olan Pavel Kozlovskiyə müraciət edib Lada Vesta modelinin testinin təşkilində yardım etməsini xahiş etdim. Pavelin tövsiyəsindən sonra “Minsk-Lada” şirkətinin marketinq xidmətinin mütəxəssisi Yuliya Jdanoviçlə əlaqə saxlayaraq testlərə razılıq verildiyini öyrəndim.

Beləliklə, gəlin testimizin qəhrəmanı ilə yaxından tanış olaq. Lada Vesta modeli barədə ilk məlumat 2014-cü ilin mart ayında dərc edilmişdi. Avtomobilin dizaynı üzərində vaxtilə Volvo və Mercedes-Benz avtomobillərinin dizaynı üzərində işləmiş Stiv Mattinin rəhbərlik etdiyi komanda çalışmışdı.

Qeyd etmək lazımdır ki, Vesta ilk dəfə Lada XRay konseptində nümayiş etdirilmiş dizayn üslubunda hazırlamış görünüşə malikdir. 

Lada Vesta modelinin qabarit uzunluğu 4410 millimetr, eni - 1764 millimetr, hündürlüyü isə 1497 millimetrdir. Təkər bazasının uzunluğu 2635 millimetrə bərabərdir

Lada Vesta modeli parkinqdə Avropadan və Asiyadan olan analoqlarının yanında əvvəlki Lada modelləri kimi keçən əsirdən qalan köhnəlmiş avtomobil kimi görünmür - əksinə, Vesta bu cərgəyə harmonik şəkildə inteqrasiya edir. Ən maraqlısı da odur ki, Rusiya istehsalı olan avtomobillərdə müşahidə etdiyimiz barmaq girəcək qovuşuqlardan əsər-əlamət qalmamışdır - kuzov panelləri arasındakı məsafələr yığım kefiyyətinin dəfələrlə artığından xəbər verir. Digər bir maraqlı faktor isə, avtomobilin qapılarının açılıb-bağlanmasıdır - həm akustik cəhətdən, həm də mexaniki cəhətdən böyük irəliləyiş vardır.

Eyni tendensiyanı avtomobilin salonunda da görmək mümkündür. İnteryer panellərinin birləşdirilməsi yaxşı səviyyədədir. Buna misal olaraq alın şüşəsinin aşağı hissəsinin ön panellə birləşdiyi xətti göstərmək olar - burada xüsusi yumşaq materialdan istifadə edilmişdir ki, bu da səs-küyün qarşısını almağa xidmət edir. Ümumiyyətlə, Lada Vesta modelinin salonu rus istehsalı olan avtomobillərə xas olmayan səssiliklə təəccübləndirir. Bu mühərrik bölümünün və təkər tağlarının kifayət qədər yaxşı səs izolyasiyasına malik olduğundan xəbər verir.

Doğrudur, interyerin tərtibatında istifadə edilən materialların kefiyyəti və rəng seçimi xarici analoqlarından bir qədər geridə qalsa da, bütovlükdə yaxşı təsir bağışlayır. Vizual olaraq materiallar bir qədər bahalı görünsə də, onlara toxunduqda salonda ucuz plastikdən istifadə edildiyinə şahid olursan. Hər halda, fikrimcə büdcə seqmentində olan və doqquz min ABŞ dollarına satılan avtomobildən bundan artığını tələb etmək ən azı insafsızlıq olar. 

X-elementlərə avtomobilin interyerində də rast gəlmək olar

İnteryerin dizaynında da X-elemetlərdən istifadə olunmuşdur – buna misal olaraq ön panelin mərkəzində yerləşən multimedia sisteminin tərtibatını göstərmək olar. Qapı panellərinin dizaynında da X formalı xəttlərə rast gəlmək olar. Lada Vesta modelinin bahalı versiyalarının oturacaqlarının örtüyündə də X elementləri görmək mümkündür. Sürücünün iş yeri də qənaətbəxş səviyyədə təşkil edilmişdir. Ön oturacaqlar kifayət qədər dəstəyi təmin edir, cihazlar panelindəki məlumat yaxşı oxunur, idarəetmə orqanlarının düymələri əlçatan və anlaşılandır. Sükan çarxı iki istiqamətdə tənzimlənir.

Lakin, xırda çatışmamazlıqlar da vardır. Misal üçün, havalandırma sisteminin displeyini götürək: displeydə temperatur haqqında məlumat yalnız şkala şəklində göstərilir və hansı temperarun təyin edildiyi barədə yalnız mülahizə yürütmək olar. Yaxud Bluetooth sisteminə qoşulmuş telefonun məlumat kitabçasına daxil olmaq mümkün deyildir – yəni nömrə yığmaq üçün yenidən telefonu götürmək gərəkdir.

Düzdür, top versiyada bu çatışmamazlıqlar daha bahalı və sensor ekranlı multimedia sistemi sayəsində aradan qaldırılır.

Evdə səliqə-səhman kandarından bəlli olduğu kimi, avtomobilin açarının formasına baxaraq çox şey söyləmək olar

Arxadakı yerlər iki sərnişinin rahatlıqla yerləşməsini təmin edir və arxa oturacaqlar ön oturacaqlar kimi yaxşı kontura malikdirlər. Ayaqlar zonasında da kifayət qədər məkan vardır. Şəxsən mən “özüm özümün arxasında” rahat şəkildə əyləşə bildim. Yeganə irad arxa sərnişinlərin başı üzərində olan məsafənin az olmasıdır.  Lada Vesta’nın arxa oturacaqları 40:60 nisbətində qatlanırlar ki, bu da uzun ölçülü əşyaların daşınmasına imkan verir.

Qeyd edim ki, Lada Vesta modelini əvvəlki VAZ avtomobillərdən fərqləndirən əsas cəhətlərdən biri də onun təchizatıdır.

Bildiyimiz kimi, Rusiya istehsalı olan avtomobillər avadanlıq siyahısı ilə qürrələnə bilmirlər. Klassik modellər ümumiyyətlə alıcıya «lüt» şəkildə qismət olurdu. Lakin, Vesta haqqında bunu demək olmaz. Mənə testə verilən avtomobil Comfort Optima təchizat səviyyəsinə malik idi.

Bu o deməkdir ki, Comfort səviyyəsinə əlavə olaraq avtomobildə Optima dəsti quraşdırılmışdı. Bu dəst alın şüşəsinin qızdırılmasını, həmçinin 15-düymlük yüngül lehimli təkər disklərinin quraşdırılmasını nəzərdə tutur.

Təəssüf ki, havalandırma sisteminin displeyi məlumat bolluğu ilə seçilmir

Bizim xəbərləri izləmizsiniz isə, Lada Vesta modelinin üç təchizat səviyyəsində - Classic, Comfort və Luxe, - təklif edildiyindən məlumatınız vardır. Mənə verilmiş avtomobil orta təchizat səviyyəsinə malik idi. Avtomobilin baza variantı sürücü və ön sərnişinin təhlükəsizlik yastıqları, qapıların hərəkət zamanı avtomatik kilidlənməsi, qəza zamanı isə avtomatik açılması və qəza işıqlarının işə salınması sistemi, qəfil əlyəcləmə gücləndiricisi olan əyləclərin antiqapanma sistemi (ABS+BAS), əyləc gücünün paylanması (EBD), stabilizasiya (ESC) və yerində fırlanma əleyhinə (TSC) sistemlər, yoxuşda tərpənmə zamanı yardım sistemi (HAS), sükanın elektrik gücləndiricisi,  ön qapıların elektrik şüşəqaldıranları, kondisioner və soyudulan əşya bölümü ilə təchiz edilir. Lada Vesta Comfort isə, bu göstərilənlərə əlavə olaraq, ön oturacaqların qızdırılmasına, yan güzgülərin elektriklə tənzimlənməsi və qızdırılmasına, parktronikə, 4,3-düymlük monoxrom displeyi olan audisistemə, USB, AUX girişlərinə, Bluetooth birləşməsinə və Handsfree sisteminə malikdir. Gördüyünüz kimi bu sahədə də böyük irəliləyiş vardır.

İndi isə keçək əsas məsələyə. Lada Vesta 106 at qüvvəsi və 148 Nm fırlanma anı olan 1.6-litrlik dörd silindirli benzin mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı beş pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Bu tandem 1270 kiloqramlıq avtomobili 100 km/saat sürətinə 11,8 saniyəyə sürətləndirir. İstehsalçı avtomobilin şəhər rezimində 100 kilometrə 9,3 litr yanacaq sərf etdiyini iddia etsə də, bizim avtomobilin bortkompyüteri sərfiyyatın 11,5 litr olduğunu bildirirdi. Məncə 1,6-litrlik mühərrik üçün bu rəqəm bir qədər çoxdur. Əgər qənaət etmək qərarına gəlsəniz ötürmələrin elektron məsləhətçisinə diqqət yetirməniz gərəkdir. Bu sistem sürətlər qutusunun optimal pilləsini seçməyə yardım edəcəkdir.

Ön oturacaqların qızdırılması Comfort səviyyəsi üçün standartdır

106 qüvvəli mühərrik avtomobili qənaətbəxş dinamika ilə təmin etsə də, zənnimcə Lada Vesta üçün bu güc kifayət deyildir. Düzdür, şəhər rejimində at qüvvəsinin və fırlanma anının kasadlığı o qədər də hiss edilmir, lakin, avtomagistrala çıxan kimi mövcud olan parametrlərin kifayət etmədiyi açıq-aydın görünür. Digər tərəfdən, Renault şirkətinin beş pilləli sürətlər qutusu intensiv sürətlənmə üçün kifayət deyil – altı pilləli qutu quraşdırılsa heç də pis olmazdı.

İstehsalçının iddiasına görə Vesta 178 km/saat maksimal sürətə malikdir. Belarusun yollarında maksimal sürət həddinin 120 km/saat olduğunu nəzərə alsaq, maksimal həddə sürətlənmək imkanım olmadı, lakin, 130 km/saat sürətini rahatlıqla toplamağa müvəffəq oldum. Hiss edilirdi ki, maksimal sürəti yığmaq imkanı olsa belə, bu həddə çatmaq üçün xeyli vaxt tələb olunacaqdır. Lada Vesta’nın əyləc sistemi də yaxşı təsir bağışladı. Bildirmək istəyirəm ki, əyləc sisteminin sxemi dəyişilməz dalmışdır – öndə disk əyləcləri, arxada isə baraban tipli əyləclər quraşdırılmışdır.

Bununla belə, müasir elektron “köməkçilər” sayəsində əyləc sistemi daha yaxşı çalışır.

Lada Vesta modelinin idarəolunması rus istehsalçısının digər modellərinə nisbətən daha üstün səviyyədədir.  Vesta modeli elektrik sükan gücləndiricisi ilə təchiz edilir ki, bu gücləndiricinin tənzimlənməsi yaxşı alınmışdır – məncə Vesta modelinin idarə edilməsi bir çoxlarının xoşuna gələcəkdir. Bildiyimzi kimi, Lada Vesta AvtoVAZ və Renault şirkətlərinin birgə məhsulu olan Lada B/C platformasında istehsal edilir. Bu platforma öndə McPherson, arxada isə yarımüstəqil qollu asqının quraşdırılmasını nəzərə tutur. Ümumilikdə Vesta yaxşı səviyyədə idarələməyə malikdir – avtomobil düzlükdə verilmiş kursu sabit saxlayır, döngələrdə də sahibini çətin vəziyyətdə qoymayacaqdır. Avtomobilin asqısı yol sathində olan kiçik çatları və çıxıntıları rahat şəkildə “udur” və rəvan gedişi təmin edir. Bununla belə, asqı iri çıxıntılara çox sərt şəkildə reaksiya verir.

Lada Vesta modeli həqiqətən də AvtoVAZ üçün böyük bir sıçrayışdır. Nəhayət ki, Rusiya istehsalçısı diqqətə layiq olacaq bir avtomobil yaratmağı bacarmışdır. Lada Vesta modeli həm dizayn cəhətdən, həm də yığım kefiyyətinə görə digər Lada modellərini qat-qat üstələyir və bu seqmentdə olan xarici analoqlar ilə kəllə-kəlləyə gəlmək imkana malikdir.

Yeganə naməlum faktor avtomobilin dözümlülk və etibarlığıdır ki, bunu da aşkarlamaq üçün müəyyən müddət gərəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt