Jaguar Land Rover qrupu Ford ilə əməkdaşlıqda hazırlanmış 4,4-litrlik səkkizsilindrli dizel mühərrikindən tamamilə imtina etməyi planlaşdırır. Bayraqdar turbodizeli iki elektrikləşdirilmiş turbokompressorlu altısilindrli mühərrik ilə əvəz olunacaqdır. Yeni mühərriklərin ilin sonuna qədər Range Rover və Range Rover Sport modellərində tətbiq ediləcəyi gözlənilir.

"Autocar" nəşrinin bildirdiyinə görə, Land Rover şirkəti 4.4-litrlik SDV8 mühərrikinin əvəzinə iki yumşaq-hibrid qurğunu təklif edəcəkdir. Hibrid qurğunun tərkibinə 3,0-litrlik sıralı altısilindrli dizel mühərriki və 48-voltluq dtartyor-generator daxil olacaqdır.

3,0-litrlik Ingenium dizel mühərriki

Ən güclü qurğu 350 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edəcəkdir. "Kiçik" versiyanın gücünü isə, 300 at qüvvəsinə qədər azaldılacaqdır Müqayisə üçün, hazırkı səkkizsilindrli turbodizel 339 at qüvvəsi və 740 Nm fırlanma anı hasil edir.

Səkkizsilindrli mühərrikdən imtina edilməsi avtomobillərin dinamikasına təsir göstərməyəcəkdir: 350 at qüvvəli qurğuya malik olan Range Rover Sport modeli ilk "yüzlüyü" 6,5 saniyəyə yığacaq və 225 km/saata qədər sürətlənəcəkdir. Eyni zamanda, hibrid qurğularına keçid yanacaq səmərəliliyini artıracaq və ekoloji standartlara cavab verəcəkdir.