Lexus şirkəti bayraqdar sedanı olan LS modelinin yeni nəslinin hibrid variantının fotoşəkilini dərc etmişdir. Lexus LS 500h modelinin rəsmi təqdimat mərasimi mart ayında qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Hibrid bayraqdar modelinin güc qurğusu haqqında məlumat verilməmişdir. Çox güman ki, LS 500h sedanı Lexus LC 500h kupesinin təchiz edildiyi hibrid güc qurğusuna sahib olacaqdır. Bilindiyi kimi, kupe 299 at qüvvəsi gücü olan 3,5-litrlik V6 mühərriki və elektromühərriklə hərəkətə gəlir. Hibrid qurğunun ümumi gücü 359 at qüvvəsi təşkil edir. Eyni zamanda, Cenevrədə hibrid sedanla birlikdə yeni nəsil Lexus LS 500 modelinin adi variantı da debüt edəcəkdir. Bayraqdar sedan modul platformada yığılmış, 3,6-litrlik mühərrik və 10 pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilmişdir. Sedan həm arxadan çəkişli, həm də tam çəkişli transmissiya ilə təklif edilir. Lexus LS 500 modeli 100 km/saat həddinə beş saniyədən az müddətə sürətlənir.