Roadshow nəşrinin əldə etdiyi məlumata görə, Lexus şirkəti 4 iyulda işinə başlayacaq Qudvud sürət festivatında LC Convertible kabrioletinin seriya variantını nümayiş etdirməlidir. Xatırladaq ki, bu ilin yanvar ayında keçirilmiş Detroyt avtosalonunda Lexus şirkəti LC Convertible Concept adlı konseptual kabrioleti nümayiş etdirmişdi.

Lexus LC Convertible modelinin dizaynı kupe ilə bənzər olacaqdır. Çox güman ki, kabriolet texniki cəhətdən Lexus LC modelini təkrarlayacaqdır. Xatırladaq ki, Lexus LC kupesi 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt

Bildiyimiz kimi, Lexus hibrid güc qurğusu ilə təchiz edilən LC 500h modelini də təklif edir. Bu qurğunun kabrioletin kapotunun altında yer alacağı da şübhə doğurmur. Hibrid güc aqreqatının tərkibinə 295 at qüvvəsi və 348 Nm fırlanma anı olan 3,5-litrlik V6 mühərriki, 60 at qüvvəsi gücü olan elektromotor, litium-ion batareyalar dəsti və dörd pilləli avtomatik sürətlər qutusu daxildir. Pillələrin dəyişdirilməsi sükanaltı dəstəklər vasitəs ilə də həyata keçirilə bilər. Litium-ion batareyaların çəkisi 50 kiloqrama bərabərdir. Hibrid güc aqreqatının ümumi gücü 355 at qüvvəsi təşkil edir ki, bu da kupeyə 100 km/saat sürətini beş saniyədən az vaxta toplamağa imkan verir.