Lexus şirkəti Avropa bazarında təklif etdiyi hibrid qurğulu NX krossoverlərinin çeşidini genişləndirib. Yapon şirkəti NX 300 h modelinin öndənçəkişli, 17-düymlük təkər diskləri və yenilənmiş avadanlıq siyahısına malik olan sadələşdirilmiş versiyasını buraxıb. Yeni modifikasiya tam ötürməli hibrid versiyasından daha yüngül, ucuz və qənaətcildir.

Ön ötürməli NX 300h modelinin əsas texniki fərqi arxa oxda quraşdırılan 68 at qüvvəli elektrik mühərrikindən imtina edilməsidir. Bununla birlikdə, ikinci elektrik mühərrikindən imtina krossoverin dinamik xüsusiyyətlərinə təsir göstərməyib – səbəb isə, 155 at qüvvəsi hasil edən 2,5-litrlik benzin mühərrikinin və 143 at qüvvəli elektromotorun daxil olduğu hibrid güc qurğusunun dəyişilməz qalmasıdır.

Lexus NX 300h modelinin baza variantı ümumi gücü 197 at qüvvəsi olan qurğu sayəsində 100 km/saat həddinə 9,2 saniyəyə sürətlənir və 180 km/saatlıq maksimal sürətə malikdir.

Lexus şirkəti baza hibridinin 100 kilometrə 0,5 litr benzinə qənaət etdiyini, ortalama yanacaq sərfiyyatının  100 kilometrə 7,1 litrə qədər azaldığını iddia edir. Bundan başqa, zərərli tullantıların səviyyəsi də aşağı düşüb.  İngiltərədə Lexus NX 300h modelinin sadələşdirilmiş versiyasının qiyməti 35.860 funt  sterlinqdir. Lexus NX 300h modelinin tamötürməli versiyası isə, 1.250 funt sterlinq bahadır.