Porsche şirkəti Los-Anjeles avtosalonunda “Le-Manın 24 saatı” marafonu da daxil olmaqla WEEC (World Endurance Championship) dözümlülük çempionatında istifadə edəcəyi yeni Porsche 911 RSR yarış avtomobilini təqdim etmişdir. Yeni sportkar LM-GTE kateqoriyasında çıxış edəcəkdir.

Arxa mühərrikli sələfindən fərqli olaraq yeni Porsche 911 RSR modeli ortamühərrikli quruluşa malikdir. İstehsalçı yarış avtomobilinin sıfırdan yaradıldığını iddia edir.  Söbət əlbəttə ki, asmadan, kuzovdan, aerodinamikadan, həmçinin mühərrik və transmissiyanın yerləşməsindən gedir. Mühərrikin arxa oxun önündə yerləşməsi sayəsində Porsche mühəndisləri avtomobili iri ölçülü arxa diffuzorla təmin edə bilmişdirlər.  Yeni avtomobil həmçinin LMP1 kateqoriyasında çıxış edən Porsche 919 Hybrid modelindən alınmış iri arxa antiqanadın dəyişdirilmiş variantını da əldə etmişdir.

Porsche 911 RSR modeli “quru” karteri  və maye ilə soyudulan 4,0-litrlik atmosfer mühərriki ilə təchiz edilir ki, bu aqreqat da 510 at qüvvəsi təklif edir. Bununla belə, restriktorun ölçüsündən aılı olaraq güc dəyişə bilər. Güc aqreqatı altı pilləli sekvental ötürmələr qutusu ilə birgə çalışır. Yarış avtomobili 1243 kiloqram çəkiyə malikdir. Kupe öndə və arxada cütlənmiş köndələn qolları olan asma ilə təchiz edilmişdir.  Porsche 911 RSR öndə altı porşenli alüminium supportu olan 390 millimetrlik havalandırmalı əyləc diskləri, arxada isə dörd porşenli alüminium support və 355 millimetrlik havalandırmalı diskləri olan əyləc mexanizmləri ilə komplektləşdirilir.

Porsche 911 RSR modelinin yeni nəslinin  təchizatına işıqdiodlarından hazırlanmış fənərlər, güzgülərin elektriklə tənzimlənməsi, pilotu içməli su ilə təmin edən sistem, kondisioner, tənzimlənən pedal qovşağı, kuzov panellərinin çevik çıxarılıb-taxılması sistemi, Collision Avoid System funksiyası daxildir. Sonuncu sistem qaranlıqda daha yeyin kateqoriyada çıxış edən sportprototipləri aşkar edərək pilota onların yaxınlaşması barədə xəbərdarlıq edir.

Avtomobilin ilk “döyüş” debütü gələn il yanvarın sonlarında keçiriləcək “Daytonanın 24 saatı” marafonunda baş tutacaqdır. 2017-ci ildə Porsche 911 RSR modeli 19 yarışda iştirak edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt