Almaniyanın milli aviadaşıyıcısı Lufthansa pandemiya dövründə hər saatı 1 milyon avro zərərlə başa vurur. Demək olar ki, bütün təyyarələri yerdə olan, heç pul qazana bilməyən şirkət çıxılmaz vəziyyətdədir. Artıq almağa məcbur olduqları dövlət yardımı da 1 ay əvvəl rəsmi şəkildə tələb edilib.

Lufthansa-nın rəhbəri Karsten Şporla Almaniyanın kansleri Angela Merkel 9 milyard avroluq xilasetmə paketini müzakirə ediblər. Müzakirədən sonra şirkətin iflasını elan edəcəyi barədə şayiələr yayılıb. Lufthansa-nın bu qərarının məntiqli cəhətlərinin olduğu hesab edilir. Şpor şirkətin idarəetməsini dövlətə vermək istəmir, idarətetmədə Almaniya hökumətinin təsirinin şirkətin bazardakı rəqabət gücünə mənfi təsir edəcəyini düşünür.

Aviaşirkətlərə belə müdaxilələrin mənfi nəticələr verməsi barədə tarixdə bir çox nümunə göstərilə biləcək hadisə var. Bu vəziyyəti başa düşən Şpor da şirkətlə hökumət arasındakı məsafəni saxlamaq niyyətindədir. "65 gündə 65 il gerilədik" deyən iş adamı iflas qərarından qoruyucu qalxan kimi istifadə etmək istəyir.

İflas qərarı olduqca radikal addım kimi görünsə də, şirkətə daha sağlam gələcək üçün ehtiyac duyulan yeni nəfəsi verə bilər. Bu qərarla şirkət yenidən təşkil oluna bilər. Qısa müddət əvvəl ölkənin digər aviaşirkəti Condor asılı olduğu Thomas Cook-un iflası ilə eyni prossesləri yaşayıb. Almaniya hökuməti 9 milyardlıq yardım paketini şirkətin gələcək planlarına uyğun olmayan qərarlarla doldura bilər ki, bu da maraqlara ziddir.

Artıq ölkə mətbuatında Lufthansa-nın hissələrinin 25%-nin hökumət tərəfindən alınacağı barədə xəbərlər dərc edilir. Şporun ölkə rəhbərliyindən gözlədiyi hissə alışı yox, kredit dəstəyidir. Lufthansa Group-un tərkibində həm də İsveçrənin Swiss və Avstriyanın Austrian Airlines şirkətlərinin də olması vəziyyəti olduqca mürəkkəb hala gətirib. Dünyadakı bir çox şirkətin də bu prosseslərdən keçməli ola biləcəyi nəzərə alındıqda, Lufthansa-nın verəcəyi qərarlar və atılacaq addımlar hər kəs tərəfindən maraqla gözlənilir...