Mercedes komandası Formula 1 çempionatının Çində keçirilən 1000-ci yarışını dubl ilə bitirib. Bu dalman komandasının bu mövsümdəki üçüncü ardıcıl dubludur. Lyuis Həmilton isə bu mövsümdə ikinci ardıcıl və karyerasındakı 75-ci qələbəsini qazanıb. Çindəki yarışı üçüncü olaraq Sebastyan Fettel bitirib. Ferrari pilotları yarışdan əvvəl qələbə ümidlərinin olduğunu bildirsələr də, yarışda rəqibləri ilə mübarizə aparmaq şansına malik olmayıblar.

Qələbənin taleyini start həll edib. İkinci yerdən yaxşı start götürən Həmilton ilk döngədən yarışın lideri olaraq çıxıb. Bundan sonra o komanda yoldaşı ilə ara məsafəsini açıb və yarışın gedişinə nəzarət edib. Sebastyan Fettel də startda gənc komanda yoldaşı Şarl Leklerə keçilib. Lakin, 10-cu dövrədə italyan komandasının rəhbərliyi gənc pilota təcrübəli komanda yoldaşını irəli buraxmaq barədə əmr verib. Lekler narazılığını bildirsə də, komanda əmrini yerinə yetirib.

Bottasın komanda yoldaşını keçmək şansı ilk pit-stoplar zamanı olub. Bütün pilotlar Hard təkərlərinə keçməyə üstünlük veriblər. Daha erkən pitə yollanan Valtteri pit-stop sayəsində komanda yoldaşına yaxınlaşa bilib. Buna baxmayaraq, iki pilot arasındakı 1,5 saniyəlik zaman getdikcə artmağa başlayıb və finişdə yeddi saniyəyə çatıb.

Ümumiyyətlə maraqsız keçən 1000-ci yarışın ən həyəcanverici anı Maks Ferstappen ilə Sebastyan Fettel arasında üçüncülük uğrunda gedən mübarizə olub. Maks uzun düzlüyün sonunda hücum etsə də, Sebastyan traektoriyanı çarpazlaşdıraraq irəlidə qalmağa müvəffəq olub. Şarl Lekler isə bu dəfə komandanın taktiki səhvinin qurbanı olub. Ferrari monakolu pilotun pit-stopunu iki dəfə təxirə salıb və nicədə Lekler yarışı beşinci bitirib. Üstəlik, Şarl ötürmələr qutusundakı problemlə üzləşib.

Pyer Qasli yarışın sonunda yumşaq şinlərə keçərək dövrənin ən yaxşı zamanına imza atmağa cəhd edib və buna nail olub. Fransız pilot yarışı altıncı bitirsə də, bonus xalını Fetteldən almağı bacarıb. Şanxaydan xalla ayrılan pilotlar Daniel Rikkardo (Renault), əla start alan Serxio Peres (Racing Point), Kimi Rəykkonen (Alfa Romeo) və ilk onluğa daxil olmağı bacaran Aleks Əlbon (Toro Rosso) olub. Çempionatın debütantı bir pit stop sayəsində buna nail olub və yarışın sonunda Romen Qrojanın hücumlarını dəf edə bilib.

Əlbonun komanda yoldaşı Daniil Kvyat isə yatrışın başlanğıcında iki McLaren pilotu ilə toqquşub və yarışın hakimləri onu günahkar sayaraq, pitdən keçmə cəzası veriblər. Kvyatın problemləri bununla bitməyib - yarışın sonunda texniki nasazlıq onu yarışdan çəkilməyə məcbur edib. Texniki nasazlıq səbəbindən yarışı tərk edən digər pilot Niko Hülkenberq olub. Yarışın sonunda Lando Norris də mübarizəni dayandırıb.

Bu mövsümün üçüncü yarışından sonra 68 xal toplamış Lyuis Həmilton pilotlar birinciliyinin liderliyinə yüksəlib. Onu 62 xalla komanda yoldaşı Vlatteri Bottas təqib edir. Üçüncü yerdə 39 xal toplayan Maks Ferstappen qərarlaşıb. Konstruktorlar kubokunda da vəziyyət dəyişilməz qalıb. 130 xal toplayan Mercedes liderdir. Onu 75 xalla Ferrari, 52 xalla Red Bull Racing təqib edir.

Çempionatın 1001-ci mərhələsi olan Azərbaycan Qran Prisi 26-28 aprel tarixlərində paytaxtımız Bakıda keçiriləcəkdir.