Bazar günü Silverstounda keçirilmiş Böyük Britaniya Qran Prisində yerli azarkeşlərin kumiri Lyuis Həmilton qalib gəlib. Britaniyalı pilot uğurlu pit-stop strategiyası sayəsində yarışa liderlik edən komanda yoldaşını geridə qoymağı bacarıb. Bu Lyuisin bu mövsümdə əldə etdiyi yeddici qələbədir. Podiumun son pilləsində Ferrari komandasının gənc pilotu Şarl Lekler qalxıb.

Həftəsonu keçirilən Böyük Briyaniya Qran Prisində Mercedes pilotları rəqiblərinə şans tanımayıblar. Əsas sual alman komandasının hansı pilotunun qalib olacağı idi. Podiumun yeganə boş qalan pilləsi uğrunda isə, Ferrari və Red Bull Racing pilotları mübarizə aparıblar. Yarışın ilk hissəsi Bottas ilə Həmilton arasındakı mübarizə ilə yadda qalıb. Britaniyalı fin pilotu trassda keçməyə cəhd göstərsə də, onun bütün cəhdləri uğursuz olub. Yalnız trekə təhlükəsizlik avtomobilinin çıxması ilə strategiya dəyişən Həmilton, bu yolla Bottası keçməyə müvəffəq olub. Təhlükəsizlik avtomobilinin trekə çıxmasına isə, Antonio Covinazzi səbəb olub.    

Şarl Lekler üçüncülüyü əldə etmək üçün əvvəlcə Maks Ferstappenlə, pit-stoplardan sonra isə, həm Maks, həm də Pyer Qasli ilə mübarizə aparmalı olub. İlk sinxron pit-stopda Red Bull mexanikləri yaxşı işləyərək Ferstappeni irəli çıxarıblar, lakin Lekler tezliklə status-kvonu bərpa edib. Təhlükəsizlik avtomobilinin trekə çıxmasından sonra, Ferrari birinci Fetteli pitə çağırıb, Lekler isə bir dövrə gözləməli olub. Bu, onu hər iki Red Bull pilotunun gerisinə düşürüb. Bundan sonra,  Maks Leklerin hücumlarından müdafiə olunmaq məcburiyyətində qalıb.

Ferstappen komanda yoldaşı Qaslini keçərək Fetteli təqib etməyə başlayıb. Lekler isə bir müddət Qaslinin müdafiəsini sındırmağa çalışıb və sonunda buna müvəffəq olub. Maks isə Fetteli keçərək üçüncülüyə yüksəlib. İtirilmiş mövqeyi Maksdan geri almaq üçün onunla mübarizə aparan Fettel Club döngəsində rəqibini arxadan vuraraq trekdən çıxarıb. Bu hadisə Leklerə üçüncülüyün qapısını açıb. Qəzaya baxmayaraq, Ferstappen yarışa davam edib və sonunda beşinci olmağı bacarıb. Karlos Sayns, Daniel Rikkardo, Kimi Rəykkonen, Daniil Kvyat və Niko Hülkenberq ilk onluqda yarışı bitirən pilotlar olublar.

Britaniya Qran Prisindən sonra hər iki birincilikdə çempionluq titulunun kimə qismət olacağı sual doğurmur. Lyuis inamlı addımlarla altıncı çempionluğuna doğru adımlayır və kiminsə ona mane ola biləcəyi görünmür. Mercedes komandası da artıq Konstruktorlar kubokunu özünə təmin edib. Alman komandasına bu yolda mane olacaq komanda yalnız Ferrari ola bilərdi, lakin artıq italyanlar da uduzduqlarını anlayırlar.