Keçən həftəsonu Şpilberqdə keçirilən Avstriya Qran Prisinin qalibi yarışın bitməsinə üç dövrə qalmış müəyyən olub. Yarışın startında ikincilikdən yeddinciliyə geriləmiş Maks Ferstappen möhtəşəm pilotaj nümayiş etdirərək Red Bull Ring-də qələbə çalıb.

Yarışı pouldan başlayan Ferrari pilotu Şarl Lekler liderliyini qoruyub-saxlayıb. Onunla ilk sıradan start alan Maks Ferstappen isə yarışa uğursuz başlayıb. Lakin, sonradan özünü toplayan gənc hollandiyalı möhtəşəm pilotaj və ötmələr sayəsində ikinciliyə qədər yüksəlib. Maks əvvəlcə Sebastyan Fetteli, sonra isə Valtteri Bottası geridə qoymağı bacarıb. Yarışın bitməsinə üç dövrə qalmış lideri haqlayan Maks, Lekler ilə liderlik uğrunda mübarizə apararaq onu keçməyə müvəffəq olub. 

Doğrudur, ötmə zamanı Ferstappen və Leklerin avtomobillərinin təması sonuncunun trekdən çıxmasına səbəb olub. Hakimlər bu hadisənin yarışdan sonra araşdırılacağını bildiriblər. Lakin, araşdırma nəticəsində hadisə yarış hadisəsi kimi qiymətləndirilib. Maks Ferstappen 25 xalla bərabər bonus xalını da öz aktivinə yazdırıb. Beləliklə, Ferstappen Şpilberqdən 26 xalla ayrılıb.

Lekler Formula 1 çempionatının tarixindən qələbə qazanan 108-ci pilot ola bilərdi. Lakin, Ferrari strateqlərinin buraxdığı səhv onu qələbədən edib. Bundan başqa, Ferrari komandası bu yarışda daha bir biabırçı səhvə yol verib. Pitə gələn Fettel təkərlərin gec gətirilməsi sayəsində xeyli vaxt itirib.

Fransa Qran Prisinin qalibi Lyuis Həmilton Şpilberqdə uğursuz yarış keçirib. Dəfələrlə sarı səkiyə çıxan Həmilton sonunda avtomobilini zədələyib. Pit-stop zamanı ön qanadı dəyişsələr də, bu britaniyalının vəziyyətini yaxşılaşdırmayıb. Pit-stopdan sonra Lyuis üçüncülükdən beşinciliyə geriləyib. Fettelin ikinci pit-stopa yollanması ilə bir pillə yüksələn britaniyalı sonradan rəqibinə keçilib.

McLaren komandasının debütant pilotu Lando Norris də Avstriyada yaxşı çıxış edib. Startda üçüncülüyə qədər yüksəlmiş Norris sonradan həmyerlisi Həmilton tərəfindən keçirlib. Norris finişdəı də həmyerlisini təqib edərək yarışı altıncı yerdə bitirib. Karlos Sayns da McLaren bolidinin sürətini təsdiq edərək səkkizinci olub. Pyer Qasli yeddinci, Kimi Rəykkonen doqquzuncu, Antonio Covinazzi isə onuncu yerdə yarışı bitiriblər.