Ruslan Məmmədov ilə çox tədbirlərdə qarşılaşıram. Hər zaman dəbli kostyumları ilə diqqət çəkir. Sahibi olduğu “Mario Russo” markası artıq ölkəmizdə yaxşı tanınır. Bu gün cəmiyyətə təsir gücü olan İnfluenserlər onun markasını daşıyır. Mən də çoxdan arzuladığım “Smokinq” kostyumunu "Mario Russo” butikinin açılışında keçirilən oyun zamanı priz olaraq qazandım. Smokinqi "primerka" edərkən, kişi kostyumları, onların növləri, xüsusi tikilişinin özəllikləri barədə söhbət etdik.

Ruslan Məmmədov, "Mario Russo" fabrikinin sahibi və baş direktoru. 31 yaşı var, evlidir, ekiz oğul atasıdır. Səyahət etməyi sevir. Almaniyada doğulduğu üçün, onu ikinci vətəni hesab edir. Gündəlik həyatda pozitiv, gülərüz, zarafatcıl olsa da, biznesdə ciddidir.

Uşaqlıqda kim olmaq istəyirdin?

Uşaqlıqda hansı sahədə işləməyim haqqında deyil, hörmətli və sayılan şəxs, yaxşı dost olmaq istəyirdim. İnsanlar doğularkən müəyyən bacarığa mailk olur. Mənim əlimi, ayağımı kəs, ancaq dilimi saxla, danışmaq imkanı ver, gör mən necə satıram! Bu mənim anadangəlmə istedadımdır. 

Məktəbdə, 2-ci sinifdə oxuyarkən, məllim məndən “kim olmaq istəyirsən” soruşanda, mən adam olmaq istəyirəm demişdim. Müəllim də təəcüblənmişdi. Hansı sahədə işləməkdən asılı olmayaraq, əsas odur ki, yaxşı insan olasan, başqalarına xeyrin dəysin. Ürəyin yatan işi isə hər zaman öyrənmək olar, sənətə yiyələnmək onu dərindən öyrənməkdir. 

Bəs marağın nə olub, nə istəmisən?

Mən istəyirdim ki, valideynlərim mənim uğurlarımla fəxr etsinlər. Bu da mənə motivasiya verib ki, işimdə uğurlu olum. 

Mən işlədiyim şirkətlərdə təcrübə toplayaraq atelye açmaq fikrinə gəldim. 2015-ci ildə, devalvasiyadan sonra, böhranın başladığı zaman şirkətimi qurdum. Hamı deyirdi ki, digərləri biznesini bağlayır, sən isə açırsan. Bu fikrimdə mənə dəstək olan yalnız ailəm oldu. Mən anlayırdım ki, işə girişməyin əsl zamanıdır. Peşman da deyiləm. Bazardakı fikirlərə əks getdim. Bu da uğura aparan ən doğru yoldur. Əsas odur ki, daxili səsi dinləmək lazımdır və uğuruna inanmaq. Sonra isə hərəkət.

Bəs öncələr harada işləmisən?

Mən Almaniyada, Berlinə yaxın olan Potsdam şəhərində doğulmuşam. Atam hərbiçi idi və Almaniyada hərbi qulluqda idi. Uşaqlıq və gənclik illərimi isə Rusiyada keçirmişəm. Azərbaycana 2004-ci ildə gəlmişəm. 

Bakıya gələndə heç Azərbaycan dilini də yaxşi bilmirdim. Elə oldu ki, atam bizneslə məşğul olmağa qərar verdi, amma Azərbaycan bazarını və iş prinsiplərini yaxşı bilmədiyi üçün, qısa zamanda müflis oldu. Bu hadisə mənə dərs oldu. İndi atam fabrikamızda işləyir və hər prosesə nəzarət edir. Hərbçi olduğu üçün çox cavabdeh və dəqiqdir. 

16 yaşında restoranda ofisiant işləməyə başladım. 2005-ci ildə Bakı Biznes universitetinin maliyyə və kredit fakultəsinə qəbul olub, 2009–cu ildə bakalavr dərəcəsində bitirdim. 22 yaşında orduya xidmətə yollandım.

Qayıdandan sonra yenə işə düzəlmək istəyirdim, amma məni qəbul etmədilər. Hamı iş təcrübəsi tələb edirdi. Bəxtim gətirdi, Trussardi mağazasında satıcı olaraq işə başladım. Elə orada işləyərkən mənim geyimə marağım oyandı. Ona görə də, bu işin dərinliklərinə yiyələnməyə başladım. 

Sonradan yeni açılmış Emporium multi-brend univermağına intervyuya getdim. İlk görüşdə mən təklif olunan  maaşdan imtina etdim. Onlar hətta təəcübləndilər də. Bir neçə gündən sonra mən yenidən dəvət edilib, uyğun təklif aldım. Klassika şöbəsində işə başladım və birinci ayda rekord satışlar etdim. 

Müştərilərlə ünsiyyət zamanı anladım ki, kostyum onlar üçün bir zirehdir. Məhz bu tərzi sonradan “Mario Russo”da tətbiq etdim. Şöbəmizdə 10 brend olmağına baxmayaraq, mən 90 brendi xırdaladım. Onların özəlliklərini hər xırda detallara kimi öyrəndim.

Sonradan anladım ki, müştərinin emosiyasına yalnız satışla deyil, xüsusi olaraq yaradılmış kostyum vasitəsilə nail olumaq mümkündür. Bu da öz markamı yaratmağıma təkan verdi.

Bəs “Mario Russo” adı haradandır? Düşündüm ki, Almaniyada doğulmusansa, bəlkə əcdadlarından kimsə alman dərzisi olub.

Uşaqlıqdan dostlarım məni Russo adlandırırdı. Elə markanın adı da bundan doğdu. Mario isə soyadımın italyan versiyası kimi düşündüm ki, tam uyumlu və bir nəfəsə tələffüzlü olsun. Sonunda heç də pis alınmayıb: Mario Russo. Əsl fəşn markası üslubundadır. 

Həm də öncədən “Made in Azerbaijan” olaraq, digər ölkələrdə də mağazalar açmağa qərarlıydım. Bu günə bizim fabrika Azərbaycanda fəaliyyət göstərənlər arasında ən böyüyüdür. Markamızı ölkəmizdən kənarda tanıtmaq niyyətindəyəm. Planlarım böyükdür.

Bu gün Bakıda demək olar ki, tanınmış markaların hamısının butiki var. Niyə məhz kostyumu sifariş etmək lazımdır?

İlk növbədə eksklyuzivlik - sifarişçinin bədən quruluşuna görə ölçülüb-biçilən, onunla da yanaşı geyinərkən rahatlıqda olma hissiyyatıdır. Bu halda hər şey nəzərə alınır. Bədən quruluşunun çatışmamazlığı gizlədilir, üstünlükləri isə üzə çıxarılır.

Standart kostyumlara internetdə baxarkən, modellərin üzərində görürük. Onlar 1.90 sm boyunda, idman quruluşlu olur. İçi mən qarışıq, real həyatda kişilər belə ideal olmur. Biz model deyilik və buna can atmırıq. Azərbaycanda kişilərin orta boyu 170 mm-dir. Məsələn, İngiltərədə orta boy 180-dır, italyanlar daha arıq, hündür, qolları bizimkindən uzun olur və sairə…

Məsələn, məhşur Tom Ford markalı kostyumları götürək. Amerikalı və avropalıların sinəsi daha yuxarıdir. Cənubu qafqaz kişilərində sinə daha böyükdür, ona görə də düymə yeri sinəyə deyil, qarının üstünə düşür. Bu səbəbdən də beli vurqulamır, ona görə pencək cazibədarlığını itirir, həm də bədən quruluşunu daha zəif göstərir. “Made to measure” (ölçüyə uyğun istehsal) isə bu məqamları nəzərə alır. 

Müştəri bizə müraciət edəndə, biz onun istəklərini dinləyib, ona daha yaxşı təklif edirik. Atalar demişkən – “çörəyi ver çörəkçiyə”. Ona görə ilk zamanlar müdaxilə edirik ki, bizim sifarişçimiz razı qalsın. Buna əmin olandan sonra müştərilərimiz yalnız parçanın rəngini seçib, qalan işləri bizə etibar edirlər. 

Ruslan, kostyumun hansı özəllikləri var?

Kostyum tikilişində çox vacib məqamlar var, düymələrin ilgəyindən başlyaraq. Ancaq, əsas üç məqamdır.

Birinci - boyun və çiyin hissəsi. Çiyin düzgün oturmalıdır, nə böyük, nə də kiçik olmamalıdır. Yaxa isə tam olaraq insanın boyun hissəsində oturmalıdır ki, ara qalmasın.

İkinci – kostyumun yaxasıdır. Onun eni yenə də bədənə görə hesablanır. Çox enli yaxud əksinə ensiz olanda pencək yaxşı görünməyə bilər. Bu hissə isə hər zaman ilk diqqəti çəkən hissədir. Yalnız yaxanın eni və forması ilə “oynayaraq” pencəyin görünüşünü dəyişmək mümkündür.

Üçüncü vacib hissə isə beldir. Sifarişçilərin 90 faizi “incəbel” pencək istəyir ki, çiyinlər vizual daha geniş olsun.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Mağazalarda hazır təklif olunan iki bortlu kostyumlar daha çox orta və hündür boy kişilərə yaraşır. Hazır kostyum daha alçaq boy kişilərə uyğun gəlməyə bilər. Sifarişdə isə bu nüanslar nəzərə alınır. Hətta, şifarişçinin beli çiyinlərindən enli olsa belə, onu elə tikmək olar ki, çiyinlər geniş görsənsin. İki bortlu pencəyin yaxası geniş və iti uclu olur. Yaxanın bir-birinin üzərinə oturması həmin kişilərin fiqur əskiklərini gizlədə bilər.

Bəstəboy və kök kişi hazır kostyum alarkən böyük ölçü almaq məcburiyyətindədir. Bu da pencəyin ətəyinin daha uzun olması deməkdir. Deməli, pencəyin uzunluğu onun boyunu vizual olaraq daha da kiçildir. Hazır kostyumun şalvarının uzunluğunu azaltmaq rahat olsa belə, pencəyin uzunluğu kəsilən zaman bütün ölçülər və forma pozulur, yan və sinə cibləri, yaxa aşağı düşür. Sifariş zamanı belə hal olmur.

Bu o demək deyil ki, sifarişlə kostyumu yalnız bədən quruluşu qeyri standart olanlar sifariş etməlidirlər. Əgər idmansayağı bədəniniz varsa, sifarişlə kostym bədənin formalarını daha da vurqulayacaq və daha gözəl xarici görünüş verəcək.

Şalvara gədikdə isə yenə də müştərinin ölçüsünə uyğun hazırlanır. Hətta, özəl tikilmiş şalvarlarda kəmər üçün halqaların qoyulması şərt deyil, çünki sifarişçinin belinə uyğun tikilib deyə, kəmərə ehtiyac qalmır. Bu həm də kostyumun özəl sifarişlə tikilməsinin əlamətidir.

Sifarişlə kostyumu tikərkən, astarı da xüsusi parçadan seçirik ki, qeyri adi olsun. İlk baxışda o görsənməsə də, oturarkən, pencəyin düyməsini açıb, ətəyini yanlara edərkən görünür. Digər bir xüsusiyyət isə pencəyin daxili hissəsində sahibinin inisialları, yaxud adı həkk edilir. Bu da kostyumun sahibinə mənəvi həzz və güvənlik verir. Hər bir insan öz adını sevir, kostyumu geyinərkən görəndə, daha çox ləzzət alır.

Bəs sizin müştəriniz kimdir?

Uğurlu, öz imicini düşünən, hər zaman yaxşı xarici görünüşə malik olmaq istəyən kişilərdir. Əsasən bu iş adamları, cəmiyyətdə populyar şəxslərdir. Çünki, necə deyərlər, geyimə görə qarşılayırlar. Ona görə də yaxşı geyinmək vacibdir. Dəbli və düzgün geyinən kişilər hər zaman diqqət çəkir və daha hörmətlə qarşılanırlar.

Kimə nə uyğun gələ bilər? Elə mənə nə məsləhət görə bilərsən?

Parçanın rəngini dərinin və saçın rənginə uyğunlaşdırmaq məsləhətdir. Sənə qara, boz və göy rəngin tonları uyğun gələr. Ağ saçlarla gözəl əhəng olar. Gözəyarı boyun 180 mm, çəkin 85-88 kq arasındadır. Deməli sənə bir ton kostyum daha məsləhətlidir. Zolaqlı və dama-dama da uyğun gələr. Şaquli zolaqlar boyu daha hündür göstərəcək.

Sevimli rəngin hansıdır?

Mənim özəl sevdiyim rəng yoxdur. Bütün rəngləri xoşlayıram, özəlliklə də əlvan. Yaşıl ən çox məni cəlb edən rəngdir, amma yaşıl kostyum geyinmirəm, ancaq kəjual geyimdə istifadə edirəm.

Ölkəmizdə hamının ən çox sevdiyi rəng qara və tünd göydür. Təsəvvür et ki, salonumuzun açılışna kimi qarderobumda qara kostyum yox idi. Ilk dəfə açılış üçün tikdilər.

Qara şık rəngdir, amma hər gün qara geyinmək dəbdəbəli olmaqdan uzaq mövhumdur, movetondur.

Qaraya gəlmişkən, son zamanlar “Black Tie” dress-kodu populyar olub, daha çox tədbirlərdə artıq Smokinq dəsti geyinən kişilər peyda olub. Sifariş verənlərin sayı artıbmı?

Smokinq dəbi hələ də Azərbaycanda oturmayıb. Çox dəvətnamələrdə dress-kod göstərilsə də, az sayda adam ona riayyət edir. Hətta, iştirakçıların yarısı heç kostyum geyinmir, gündəlik geyimdə gəlir. Bu da təşkilatçılara və tədbirə qarşı saymamazlıqdır. Bunu cəmiyyətimizin şüuruna yeritmək lazımdır. Axı biz dəbli və yaxşı geyinməyi sevən xalqıq!

Tədbirlərdə iştirak edən kişinin qarderobunda smokinq kostyum mütləq olmalıdır. Bu elə bir kostyumdur ki, heç zaman dəbdən düşmür, demək olar ki, bir dəfə alınan bütün ömrə bəs edər. Bu kostyum növü bəzilərinin düşündüyü kimi bahalı deyil. Müxtəlif qiymət səviyyəli marka mağazlarında təklif olunur, hətta ucuz qiymətə tapmaq olar. Amma onun özəl sifarişi daha məqsədə uyğundur.

Smokinqi daha çox toy üçün bəylər sifariş edir. Bu da artıq bir trenddir. Bəzən bəyin dostları da geyinirlər ki, daha dəbdəbəli olsun. Bu sevindirici haldır ki, inkşaf edirik.

Bəs Smokinqin özəlliyi nədir?

Bu kostyum növünün tarixinə baş vursaq, onun  İngiltərədə yaradıldığını görərik. O özəlliklə siqaret yaxud siqar çəkmək üçün istifadə edilirdi ki, daha bahalı frak korlanmasın. Elə yaxasının da atlas olmasının səbəbi budur. Onun üzərinə düşən külü rahatlıqla təmizləmək olurdu. Elə “smoking” (red. ingiliscə “siqaret çəkmək”) adı da oradan yaranıb. İngiltərədə onu “Dinner Suit”, Amerikada isə “Tuxedo” adlandırırlar. 

✽ Bu məqalə maraqlı ola bilər – Smokinq haqqında bilmək istədiyiniz ➤

1880-ci ildə Uels şəhzadəsi onu çox rəsmi olmayan tədbirlərə geyinməyə başlayıb. Bu da o zamankı gənclərin arasında yeni dəb yaratdı, ənənəyə çevrildi və bu günə kimi aktual olaraq qalır. 

Sərrast tikilmiş smokinq dəsti, qolları fransız manjetli ağ köynək, xüsusi düymə "zaponki", “kəpənək-qalstuk” və lak ayaqqabılar çox gözəl və təmtəraqlı görünür. Artıq smokinq də müasirləşib. Məsələn, özəl tikilən smokinqin şalvarı kəmərsiz olur, artıq qurşaq geyinməmək olar. “Kəpənək” qalstukun mütləq qara olması da şərt deyil. Bəzən çox rəsmi olmayan tədbirlərə "baboçkasız" getmək olar. Smokinqin rəngi qara, göy və boz ola bilər. Oskar mükafatının təqdimatında hər rəngdə və formada smokinq görmək mümkündür. Yaxanın “şal” olması da artıq vacib deyil. Hal hazırda iti uclu yaxalar və iki bortlu pencəyi olan smokinqlər dəbdədir.

Dəbli olmaq nədir? Hər il modelyerlər və dizaynelər yeni dəb yaradırlar. 

Artıq geyim tərzi o qədər demokratik olub ki, hər şey dəbdədir. Bir və ya iki bort, bir, iki, üç düyməli pencək. Dar yaxud geniş şalvar… Əsas odur ki, geyinən şəxsə, onun formalarına və xarakterinə uyğun gəlsin, daha yaxşı göstərsin. Dəb məhz budur.

Onu qeyd edim ki, hər bir iş adamının qarderobunda ən azı 4-5 növ kostyum olmalıdır: gündəlik, biznes görüşlər və rəsmi tədbirlər üçün, mütləq olaraq smokinq. Bir də bunları sezonlara bölsək, 12-15 ədəd edir. Çünki, yayda nazik və istidən qoruyan, yaz və payız ayları üçün sərin havalara uyğun, qış üçün isə isti və qalın parçadan olan kostyumlar. Həm də bütün həftə boyu bir kostyum geyinmək doğru deyil. Həmin kostyum çox sürətlə aşınacaq və qısa zamanda sıradan çıxacaq. Düşünmək lazımdır ki, həftəlik istifadə olunan bir kostyumu, dəyişmək şərti ilə, 3-5 il istifadə etmək olar.

Toy geyiminə qayıtmaq istəyirəm. Avropa və Amerikada dəbli toylara boz frak geyinirlər. Sizə toy üçün frak sifariş edən olubmu?

Elədir, həmin ölkələrdə frak ənənə olaraq geyinilir. Amma artıq orada da trend dəyişir. Daha çox smokinq, yaxud ənənəvi kostyum geyinilir. 

Amma frak daha dəbdəbəli görünür. Bəlkə frakı da dəbə salmaq gərəkdir. Toy hər bir insanın həyatında olan özəl bir hadisədir. Həmin gün ömür boyu yadda qalır. Həm də, digərlərindən fərqlənmək üçün niyə də olmasın. Təsəvvür et ki, bəy və onun dostları amerikansayağı boz fraklardadır. Qadınlar isə gözəl axşam geyimlərində. Nə qədər qeyri adi və gözəl mənzərədir.

Sözsüz ki, kişilər dəbli geyinirlər ki, həm də xanımların xoşuna gəlsinlər. Bəs qadın üçün smokinq sifarişi olub? Bəs sənin hansı stil qadın geyimi xoşuna gəlir?

Bəli. Bir xanım sifariş etmişdi. Çox da gözəl alındı. Gözəl bədən quruluşu daha da cazibədar və qeyri adi oldu. Əlbəttə ki, o smokinq ənənəvi kişi smokinqindən fərqlənir, daha zərifdir.

İlk növbədə qadına zəriflik və lətafət verən geyimə üstünlük verirəm. Atalar deyib ki, gözəllik ondur, doqquzu don. Elə qadının gözəlliyini geyim ifadə edir. Aleks Valterin bir ifadəsi var: “Əsl gözəl don odur ki, gözəl qadın onda daha gözəl görünür, nəinki onsuz”.

Yeri gəlmişkən, deyim ki, qadınlar kostyumdakı kişiləri daha çox xoşlayırlar. Çünki, belə kişilərin xarakteri, cavabdehliyi, ciddiliyi və uğurlu olması əks olunur. Hələ bu kostyum sifarişlə tikilibsə, onda bu effekt dəfələrlə yüksəlir. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.