Mark Markes (Honda) MotoGP çempionatındakı hegemonluğunu davam etdirir. Bu dəfə ispan pilot Çexiyanın Brno şəhərinin yaxınlığındakı trekdə rəqiblərinə ona yaxınlaşmağa belə imkan verməyib. Pouldan start alan ispaniyalı startda liderliyini qoruyub və finişə kimi davam etdirib. Bu markesin MotoGP-dəki 50-ci qələbəsidir.

Yarışın ortalarına qədər ispaniyalı ilətəqibçiləri arasındakı məsafə bir saniyəni üstələməsə də, yarışın ortasından sonra Mark rəqiblərindən uzaqlaşmağa müvəffəq olub. Bəzi zamanlar onun ilə rəqibləri arasındakı məsafə dörd saniyəyə belə yüksəlib.

Finiş xəttini ikinci olaraq Markesin çempionluq titulu uğrunda mübarizədəki  əsas rəqibi Andrea Dovitsiozo (Ducati) keçib. Dördüncü yerdən start alan italyan pilot uğurlu start sayəsində ikinciliyə qədər yüksəlib. Bir müddət Markesi yaxından təqib edən Andrea, rəqibinə hücum etməyə cəhd göstərməyib.

Cek Miller (Ducati) starda ikinci yerdən dördüncülüyə geriləyib və uzun müddət bu mövqedə yarışıb. Yalnız son dövrələrdə Aleks Rinsə (Suzuki) hücum edən britaniyalı üçüncülüyü rəqibinin əlindən alıb. İlk beşliyi Honda pilotu Kel Kratçlou tamamlayıb.

İkinci beşlikdə Valentino Rossi, Fabio Kuartararo (hər ikisi Yamaha), Danilo Petruççi (Ducati), Takaaki Nakaqami (Honda) və Maverik Vinyales (Yamaha) yer alıblar.