Mark Markes Barselonada keçirilən Katalunya Qran Prisində inamlı qələbə çalıb. Yarışın taleyini ilk dövrədə baş vermiş qəza həll edib. Ümumilikdə, start alan 24 rayderdən yalnız 11 nəfəri finiş xəttini keçə bilib.

Yarışın başlanğıcında pouldan start alan Fabio Kuartararo liderliy əldən verərək onunculuğa qədər geriləyib. Liderliyi isə Andrea Dovitsiozo ələ keçirib. İtalyan pilot Mark Markes, Maverik Vinyales, Xorxe Lorenso, Danilo Petruççi və Valentino Rossidən ibarət qrupda mübarizə aparıb. Yarışın həlledici anı ilk dövrəninin onuncu döngəsində baş verib - dördüncü gedən Lorenso Vinyalesə hücum edib və motosiklinin ön tərəfini itirərək qabaqda gedən Dovitsiozonu vurub. Onlar birlikdə Vinyales və Rossinin üzərinə sürüşərək hər iki pilotun yarışdan kənar qalmasına səbəb olublar.

Markes isə bu hadisədən bir neçə saniyə öncə Dovitsiozonu keçərək birinciliyə yüksəlib. Bundan sonra ispan pilota yarışın gedişatına nəzarət edərək finiş xəttini keçmək qalıb. Dörd pilotun yarışdan kənar qalması Kuartararonun işinə yarayıb. O, əvvəlcə Aleks Rinsi, sonra isə Danilo Petruççini keçərək yarışı ikinci bitirib. Podiumun son pilləsinə isə Danilo Petruççi qalxıb. Bu podium 20 yaşlı Kuartararonun premyer sinifdə əldə etdiyi ilk podiumdur.

Ümumiyyətlə, yarışda bolluca qəzalar yaşanıb. Kel Kratçlou və Françesko Banyaya öz günahları ucabtından yıxılaraq yarışdan kənar qalıblar. Aprilia komandasının pilotalrı Bredli Smit və Aleş Esperqaro bir-biri ilə 10-cu döngədə toqquşublar.