Bu gün Mizanoda keçirilən ilk yarışın qalibi BMW komandasının alman pilotu Marko Vittmann olub. Vittmanın yarışa sonuncu yerdən başlamasına baxmayaraq, uğurlu strategiya sayəsində liderliyə qədər yüksəlib.

Son cərgədən start alan Vittmann elə ilk dövrədə pit-stopa yollanıb. Əlbəttə ki,  Markonun strategiyasının «işləməsinin» digər bir səbəbi isə, yarışın əvvəlində trekə çixan təhlükəsizlik avtomobili olub. Öz növbəsində, təhlükəsizlik avtomobilinin trekə çıxmasına səbəb digər BMW pilotu Coel Eriksson olub. Avtomobilində nasazlıq yaranan Eriksson onu kənara çəkərək yarışı tərk edib. Lakin, avtomobilin təxliyyə edilməsi üçün yarışın rəhbərliyi trekə təhlükəsizlik avtomobilini buraxmaq qərarına gəlib.

Yarışa liderlik edən Rene Rast (Audi) restartda yerini qoruyub saxlasa da, 16-cı dövrədə yollandığı mütləq pit-stopdan sonra Marko Vittmanın arxasına düşüb. Rəqiblərinin pit-stopa yollanmasından sonra Markonun önü açılıb və təqibçiləri ilə kifayət qədər məsafə yaradıb. Rene Rast rəqibinə çatmaq istəsə də, Vittmanın yaratdığı böyük fərq ona rahatca finiş xəttini birinci keçməyə kifayət edib.

Marko Vittmann ilə birlikdə podiuma Rene Rast və Loik Dyüval qalxıblar. Bruno Spenqler yarışı dördüncü, Niko Müller isə beşinci bitirib. İkinci beşliyə Mayk Rokenfeller, Filipp Enq, Conatan Aberdin, Şeldon van der Linde və Timo Qlok daxil olublar.