Maserati MC12 GT1 superkarının FIA GT yarışlarında uğurla çıxış etdiyi 2010-cu ildən sonra italiyan brendi Gran Turismo yarışlarında zavod modeli ilə təmsil olunmayıb. Lakin 2023-cü ildə vəziyyət dəyişməlidir, çünki GT2 European Series çempionatı üçün yeni Maserati MC20 kupesi hazırlanacaqdır. Xatırladaq ki, yeni modelin yaradılması zamanı, Maserati markasını GT yarışlarına qaytarması da hesaba alınmışdı. Üstəlik, yeni sportkar yalnız müstəqil komandalar üçün əlçatan olacaqdır.

Yeni MC20 GT2 modelinin texniki təfərrüatları açıqlanmayıb, lakin Maserati şirkətindən yeni yarış superkarının 3,0-litrlik V6 Nettuno turbomühərrikinin yenidən işlənilmiş versiyası ilə təchiz ediləcəyini bildiriblər - 630 at qüvvəsi hasil edən standart mühərrikin yarış versiyası ondan zəif olmamalıdır.

Güc aqreqatı sükanaltı dəstəkləri olan 6-pilləli sekvental ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Avtomobil tənzimlənən asqı, yüksək sürtünməli özükilidlənən mexaniki diferensial, yarış əyləcləri və rəsmi avtoidman yarışlarında iştirak etmək üçün lazım olan bütün aksessuarları, o cümlədən pilotun təhlükəsizliyi üçün gərək olan avadanlıq ilə təchiz ediləcəkdir.

Yeni MC20 GT2 yarış avtomobili FIA tərəfindən homoloqasiya edilməlidir. GT2 European Series çempionatı üçün hazırlanacaq yarış kupesinin qismən 62 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq Maserati Project24 trek superkarı ilə unifikasiya ediləcəyi gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.