Çinin SAIC konserninin tərkibinə daxil olan Maxus şirkəti daxili bazara MIFA 9 adlı yeni miniveni çıxarıb. Yeni miniven dəbdəbəli interyerə, zəngin təchizata və elektrik güc qurğusuna sahib olub. MIFA 9 miniveni eyni adlı Maxus Intelligent Flexible Architecture (MIFA) modul platformasında inşa olunub.

Miniven şirkətin yeni arxitekturasını alan ilk modelidir. Elektromobilin uzunluğu 5270 millimetr, təkər bazasının genişliyi isə, 3200 millimetrdir. Müqayisə üçün, Mercedes-Benz S-Class (W223) sedanının uzunluğu 5,28 metr, təkər bazasının ölçüsü isə, 3,21 metrdir.

MIFA 9 miniveni standart olaraq iki rəngli kuzov, nazik ön işıq texnikası, futuristik arxa işıqlar, habelə elektrik ötürməli sərnişin qapıları ilə təklif edilir.

Minivenin salonunda rəqəmsal cihazlar paneli və multimedia sisteminin iki sensorlu ekranı quraşdırılıb. Bu ekranlardan biri ön sərnişin üçün nəzərdə tutulub. İkinci və üçüncü cərgələrdə elektrik tənzimlənməsi, isitmə, havalandırma və masaj funksiyaları olan fərdi oturacaqlar var.

Bundan əlavə, arxa cərgələrin sərnişinləri multimedia sisteminin şəxsi ekranlarını, iqlimə nəzarət sisteminin tənzimlənməsi üçün taçskrinləri və elektrik rozetkalarına çıxışı əldə ediblər. Eyni zamanda, MIFA 9 miniveni beş radar və altı videokameradan alınan məlumatlar əsasında işləyən adaptiv kruiz-kontrolu da alıb.

Miniven 245 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. Eyni zamanda, 90 kilovat-saatlıq litium-ion batareyası MIFA 9 modelinə enerji doldurmadan 560 kilometr məsafə qət etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dəbdəbəli miniven artıq daxili bazarda satışa çıxarılıb və 270 – 380 min yuan (68 – 96 min manat) arasında dəyişən qiymətlərlə təklif olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.