Dünən Assendə keçirilmiş ikinci yarışın qalibi Audi Sport Team Phoneix komandasının pilotu Mayk Rokenfeller olub. Bu Maykın DTM çempionatındakı altıncı qələbəsidir. Yarışa son sıradan başlayan Marko Vittmann isə finiş xəttini ikinci keçib. Poulun sahibi olan Rene Rast təkərlər ücbatından yarışı beşinci olaraq başa vurub.

Yarış, şənbə günün əksinə olaraq, yaxşı hava şəraitində keçib. Rene Rast pouldan start alaraq ilk pit-stopa qədər liderliyi əlində saxlayıb. Pit-stopdan sonra Loik Dyüvalın (Audi) arxasında çıxan Rast, bir neçə dövrədən sonra komanda yoldaşını keçib. Lakin, sonradan Marko Vittmannın çempionatın liderini haqlayacağı məlum olub.

Sırlamalarda texniki problem yaşayaraq sonuncu yerdən start almağa məcbur olan Marko Assendə əla pilot nümayiş etdirib. O, rəqiblərini bir-bir keçərək yarışın ortasında liderlik edən Audi pilotlarına çatıb. Marko Fittipaldini keçib və Fraynsı səhv etməyə məcbur edib. Niko Müllerin pit-stopdakı gecikməsi ona daha bir yer qazandırıb. Sonra isə, Vittmann Dyüvalı keçərək Rastı təqib etməyə başlayıb.

Lakin, Markonun avtomobilinin təkərləri effektivliyini itirib və Rast rahat şəkildə ara məsafəsini artırıb. Marko isə, Mayk Rokenfellerin hücumuna məruz qalıb. Yarışın sonlarına yaxın Mayk Vitmmannı keçərək Rastı təqib etməyə başlayıb. Sürət itkisi ilə üzləşən Rast məcburi pitə yollanmalı olub və yarışa 13-cü yerdə qayıdıb. 

Vittmann isə yeyilmiş təkərlərlə mövqeyini qoruyub və yarışı Niko Müllerin önündə ikinci bitirib. Onların ardınca finiş xəttini Conatan Aberdin (Audi) keçib. Bu gənc pilotun debüt mövsümündə əldə etdiyi ən yaxşı nəticədir. Şinlərə qarşı tələbkar olan Assendəki trek bir neçə pilotu ikinci pit-stop etməyə məcbur edib. Bu da, peletondakı vəziyyəti qarışdırıb. Nəticədə, Audi və BMW avtomobillərindən zəif olan Aston Martin siluetlərinin pilotları Daniel Xunkadelya və Pol di Resta ilk səkkizliyə daxil olmağı bacarıblar.

Yeni şinlərə keçən Rast bir birinin ardınca ötmələr edərək ilk onluğa girməyə müvəffəq olub. Son dövrədə isə o,  bir həmlədə Xunkadelya və Fraynsı keçərək beşinciliyə yükəslib. Pol di Resta, Ceymi Qrin və Pyetro Fittipaldi ilk onluğu tamamlayıblar.

Assendəki ikinci yarışdan sonra Rene Rast 158 xalla pilotlar birinciliyinə başçılıq edir. Onu 136 xalla Niko Müller və 118 xalla Marko Vittmann təqib edir.