Yaponiyada Mazda MX-30 elektrik krossoverinin e-SkyActiv G adlı hibrid versiyasınını təqdimatı keçirilib. M Hybrid adlandırılmış benzin-elektrik qurğusu mülayim hibrid prinsipi üzrə çalışır: qurğunun tərkibinə 2,0-litrlik SkyActiv-G benzin atmosfer mühərriki, startyor-generator və 24 voltluq litium-ion batareyası daxildir.

Tokyoda keçirilən təqdimat zamanı, istehsalçı MX-30 hibridinin "yüksək yanacaq səmərəliliyi" ilə seçirldiyini bildirsə də, qurğunun texniki xüsusiyyətlərini açıqlamayıb. Bununla birlikdə, MX-30 ilə eyni platformada inşa edilmiş CX-30 krossoverində eyni qurğu 150 at qüvvəsi və 213 Nm fırlanma anı təklif edir.

Mazda MX-30 modeli ötən ilin oktyabrında Tokyo avtosalonunda təqdim edilib. Yapon markasının ilk seriya elektromobili hərəkət istiqamətinin əksinə açılan arxa qapıları, 35.5 kilovat-saatlıq batareya və 143 at qüvvəli qurğu ilə təchiz edilir.

Rəqibləri ilə müqayisədə Mazda MX-30 modelinin yürüş ehtiyatı olduqca azdır - WLTP dövrünə əsasən 200 kilometr. Mazda şirkətindən bildirildiyinə görə, elektromobili bilərəkdən böyük həcmli batareya ilə təchiz edilməyiblər, çünki onlar ətraf mühitə dizel mühərriklərindən daha çox zərər verirlər

Mazda MX-30 elektrokarı may ayında başlayaraq Yaponiyanın Hirosima şəhərindəki zavodda istehsal edilir. Avropada krossoverin satış qiyməti 27.420 avro təşkil edir. Elektrokrossoverin ilk nüsxələri müştərilərə payızda çatdırılacaqdır.

İlkin məlumatlara görə, hibrid qurğulu MX-30 modelinə sifarişlərin qəbuluna ilin sonuna qədər başlanmalıdır.