McLaren Automotive şirkəti Elva barkettasının istehsal həcminə yenidən baxmaq qərarına gəlib. Əsas səbəb, karbon oksidi tullantılarının normasının pozulmasına görə mümkün olan cərimələrin məbləğinin azaldılmasıdır. TheSupercarsBlog saytının mənbələrinin verdiyi məlumatda, barkettanın tirajının 399 əvəzinə 249 nüsxə olacağı bildirilir. Bu isə, spidsterin kolleksiyaçılar üçün cəlbediciliyini artırmalıdır.

McLaren Elva modelinin tirajının azaldılması ekoloji standartlar və bu standartların pozulmasına görə tətbiq edilən cərimələr ilə əlaqələndirilir. Xatırladaq ki, cərimənin məbləği satılan avtomobillərin sayına görə hesablandığından, McLaren şirkətinin sadəcə xərclərini azaltmağa çalışdığı güman etmək olar. COVID-19 pandemiyası, zavodların bağlanması və tələbatın azalması fonunda belə bir addım məqsəduyğun sayıla bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elva spidsteri McLaren şirkətinin portfoliosunda ən bahalı və ekstremal Ultimate Series xəttinin bir hissəsidir. Superkar demək olar ki, tamamilə karbon lifindən hazırlanmış, 815 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 4,0-litrlik V8 mühərriki və yeddi pilləli preselektiv “robot” ilə təchiz olunmuşdur. Barketta 100 km/saat həddinə üç saniyədən az müddətdə, 200 km/saat həddinə isə 6,7 saniyəyə sürətlənir.

Barkettanın maraqlı xüsusiyyəti dünyada ilk hava axınının aktiv idarəolunması AAMS (Active Air Management System) sistemidir. Bu sistem kuzovun ön hissəsindəki kanallar və kapotdakı qalxan deflektor sayəsində hava axını salonun kənarlarına və üzərinə yönəldirərək, xüsusi "hava qabarcığını" yaradır. McLaren nümayəndələri bu sistemin alın şüşəsini əvəz etmədiyini və onun 50-110 km/saat sürətlərində daha effektiv olduğunu etiraf edirlər.

Mənbə: TheSupercarBlog