Mercedes-Benz EQS elektrik liftbekinin təqdimatı zamanı bir çoxlarının diqqətini elektrokarın sol qanadındakı qapaqcıq diqqətini çəkib. Roadshow nəşrinin bildirdiyinə görə, bu sirli qapaq alın şüşəsini və ön fənərləri yumaq üçün gərək olan mayenin saxlanıldığı çənin boğazlığıdır.

Mercedes-Benz EQS (kuzov kodu V297) modeli xüsusi olaraq elektromobillər üçün hazırlanmış yeni MEA (Modular Electric Architecture) modul platformasında inşa edilən ilk seriya avtomobilidir. 

İlkin olaraq, elektrokar iki modifikasiyada - EQS 450+ və EQS 580 4Matic versiyalarında təklif ediləcəkdir. Mercedes-Benz EQS 450+ modeli arxa oxda yerləşən 333 at qüvvəsi və 568 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir.

Dartma batareyasının tutumu 107,8 kilovat-saatdır. 2480 kiloqram ağırlığında olan liftbek dolu batareya ilə WLTP dövrünə əsasən 530 kilometr məsafə qət edəcəkdir.

Tam ötürməli Mercedes-Benz EQS 580 4Matic modeli ümumi hasilatı 523 at qüvvəsi və 855 Nm olan iki mühərrik və 107,8 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. 2585 kiloqram ağırlığında olan liftbek WLTP dövrünə əsasən 500 kilometr məsafə qət edir.

Hər iki modifikasiyanın maksimal sürəti 210 km/saat həddində məhdudlaşdırılıb. Elektrokarlar 100 km/saat həddinə sürətlənməyə müvafiq olaraq 6,2 və 4,3 saniyə sərf edirlər.