Mercedes-Benz şirkəti X-Class pikapının xüsusi variantını hazırlayıb. Almaniyada satılacaq pikap lift edilmiş asqıya və 100 parlaq kuzov rənginə sahib olub. Məlum olduğu kimi, ekstremal ofrouderlər seriyasının ilki G550 4x4² modeli olmuşdur. Sonradan, alman istehsalçısı bu seriyadan olan ikinci avtomobili - Mercedes-Benz E-Class universalının bazasında inşa edilmiş E-Class All-Terrain 4x4² modelini hazırlamışdır.

Bu gün isə alman istehsalçısı bu ailənin daha bir üzvünü təqdim edib - Mercedes-Benz X-Class X². Qeyd etmək lazımdır ki, xüsusi seriyadan olan pikap artıq Münhendəki dilerin saytında nümayiş etdirilir. Yeni pikapın əsas cəhətləri 30 santimetrə qədər artırılmış klirens və 18-düymlük təkər diskləridir. Hər iki element 5056 avroya satılan yolsuzluq dəstinə daxildir.

Bununla kifayətlənməyənlər üçün isə 100 unikal kuzov rəngindən birini seçmək təklif edilir. 4165 avroya X-Class X² pikapının kuzovu seçilmiş rəngdə olan xüsusi örtüklə örtüləcəkdir. Lakin, iş bununla bitmir: əlavə 2368 avro ödəməklə tərkibinə tündləşdirilmiş arxa şüşələr və seçilmiş rəngə uyğun olaraq rənglənmiş bamper, qapı dəstəkləri, təkər və emblemlər daxil olan dizayn-dəstini də seçə bilərsiniz.

Pikap üçün geniş aksessuar çeşidi də nəzərdə tutulubdur. Bu siyahıya yük bölümünün qapağı, təhlükəsizlik qövsləri və sair elementlər daxildir.  Mercedes-Benz X-Class X² modeli üçün təklif edilən mühərrik çeşidi isə bir qədər kasaddır: pikap iki modifikasiyada X250d və X350d modifikasiyalarında təklif edilir.

Mənbə: mbpassionblog

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt