Mercedes-Benz şirkəti ikinci nəsil GLA krossoverinin təqdimatı zamanı, yeni yığcam elektrik krossoverini hazırladığına işarə edib. Mercedes-Benz EQA adlandırılmış krossoverin eskizindən onun yeni GLA modelinə bənzədiyi görünür.

Əvvəllər Mercedes-Benz şirkəti EQA adını A-Class modelinə alternativ olacaq elektrik hetçbekinə verməyi planlaşdırırdı. Hətta, alman istehsalçısı iki il bundan öncə Frankfurtda keçirilən avtosalonda EQA Concept konseptual hetçbekini də nümayiş etdirmişdi. Lakin, sonrada krossoverlərə olan tələbatı nəzərə alan Mercedes-Benz şirkəti, fikrini dəyişərək, daha universal xarakteristikalara malik olan GLA modelini elektrikləşdirmək qərarına gəlib.

Çox güman ki, Mercedes-Benz EQA modeli 4,4 metrlik uzunluğa və EQC modelinin  üslubunda eskteryer dizaynına malik olacaqdır. EQA modeli zahiri cəhətdən GLA krossoverinə bənzəsə də, krossoverlərin arxitekturası müxtəlif olacaqdır: məlumdur ki, alman istehsalçısı elektrokarlar üçün EVA modul platformasından istifadə edir.

Bundan başqa, yığcam elektrokarın öndən və ya tam ötürməyə malik olacağını və dolu batareya ilə 400 km qət edəcəyini ehtimal etmək olar. Yeni elektrokarın 2020-ci ildə debüt edəcəyi gözlənilir.