Mercedes komandasının növbəti dublu əslində heç kimi təəccübləndirməyib. Yarışdan bir gün əvvəl Formula 1 azarkeşləri sosial şəbəkələrdə maraqlı bir paylaşım ediblər – şəbəkədə podiumun birinci və ikinci pilləsində “Reserved” yazısı olan şəkil peyda olub.

Artıq Barselonadakı yarışın Mercedes komandasının beşinci ardıcıl dublu ilə nəticələnməsi məlumdur. Üstəlik, yuxarıda yazılanlardan da göründüyü kimi, hər kəs qələbənin Mercedes komandasının pilotlarından birinə qismət olacağından əmin idi. Yeganə məlum olmayan bu pilotin kim olacağı idi. Lakin, startda yerindən sürətlə götürülən Həmilton ilk dövrədən sonra bu suala da cavab vermiş oldu. Britaniyalının ilk dövrədən sonra komanda yoldaşı ilə iki saniyə fərq yaratması Lyuisin qələbə əzmindən xəbər verirdi.

Fettel və Leklerə gəldikdə isə, onların hər ikisi də yaxşı start almışdılar. Fettelin Bottası üstələmək şansı olsa da, sonunda alman pilot komanda yoldaşına da mane olaraq, Maks Ferstappenə onların hər ikisini üstələməyə şərait yaratdı və bununla da yeganə vacant qalan pillənin də sahibi müəyyən oldu. Üstəlik, ekspertlərdən Elçin Zodorovun təbiri ilə desək, Ferrari strateqləri “səhv etməkdə səhv etmədilər”.

Əvvəlcə onlar Fetteldən daha yeyin olan Lekleri alman pilotun arxasında saxlayaraq onun podium şanslarını sıfıra endirdilər. Pit-stoplardan sonra isə bunun əksini təkrarlayaraq Sebastyanın şanslarını məhv etmiş oldular. Bir neçə müddətdir ki, hər kəs Ferrari bolidlərinin potensialından sonuna gədər istifadə edilmədiyi barədə yazıb-danışır. Lakin, mövsümün ilk beş yarışında bu potensialın aşkar edilməməsi, italyan komandasının bu potensialı üzə çıxarmağa qadir olmadığın göstirir - əlbəttə, bu potensial mövcuddursa…

Qeyd etmək lazımdır ki, cansıxıcı keçən yarışı bir qədər canlandıran onun bitməsinə 22 dövrə qalmış Lens Stroll ilə Lando Norris arasında baş verən toqquşma oldu. Bu qəza trekə təhlükəsizlik avtomobilinin çıxması və pilotlar arasındakı fərqin silinməsi ilə nəticələrndi. Lakin, restart da status-kvonu dəyişməyə kifayət etməsi. Yarışı şənləndirən anlardan biri isə, Romen Qrojanın Kevin Maqnussen tərəfindən trekdən kənara atılması oldu. Bundan sonra isə, Maqnussendən nümunə götürən Karlos Sayns və  Daniil Kvyat da Qrojanı futbol topu kimi çiləməyə başladılar.

Restartdan sonra Lyuis Həmilton yenidən Bottasdan uzaqlaşmağa başladı. Maks Ferstappen isə Sebastyan Fettelə hücum edəcək qədər yaxınlığa buraxmadı. Şarl Lekler isə Pyer Qaslinin hücumlarının qarşısını alaraq komanda yoldaşının ardınca beşinci olaraq yarışı bitirdi. Kevin Maqnussen, Karlos Sayns, Daniil Kvyat və Romen Qrojan  Barselonadakı yarışdan xalla ayrılan pilotlar olublar.

Beləliklə, ilk beş yarışdan sonra Lyuis Həmilton pilotlar birinciliyinə liderlik edir. Mercedes komandası isə Konstruktorlar birinciliyinin şəksiz lideridir. Çempionatın növbəti yarışı 23-26 may tarixlərində Monakoda keçiriləcəkdir.