Yeni Mercedes-Maybach S-Class sedanının dünya təqdimatından beş ay sonra dəbdəbəli limuzinin altısilindrli mühərriklə təchiz edilmiş “sadə” versiyası debüt edib. 480 indeksinə malik olan sadələşdirilmiş Maybach modelinin debütü Şanxayda keçirilən avtosalonda baş tutub. Bir müddət bundan sonra, Mercedes-Maybach S 480 modelinin digər bazarlarda da satışına başlanacaqdır. Hələlik isə altısilindrli dəbdəbəli sedan yalnız Çində satılır.

Çin yeni Mercedes-Maybach S-Class modelinə sifarişlərin qəbul edildiyi ilk bazarlardan biri olub. Bununla birlikdə, dəbdəbəli sedanın Səma İmperiyasındakı satışları əvvəllər elan edilmiş S 580 (503 at qüvvəsi və 700 Nm) və ya S 680 (630 at qüvvəsi və 1000 Nm) versiyaları ilə deyil, vergi baxımından daha əlverişli olan altısilindrli S 480 modifikasiyası ilə başlayacaqdır.

Mercedes-Maybach S 480 modelinin kapotunun altında 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli M256 mühərriki yerləşir. Güc aqreqatı sürətlənmə zamanı 22 at qüvvəsi və 250 Nm fırlanma anı əlavə edən 48 voltluq EQ Boost startyor-generatoru ilə tamamlanır. Transmissiya standartdır: 9-pilləli “avtomat” və 4Matic tam ötürməsi.

Kapotu açılmırsa, “sadə” Maybach sedanını yalnız emblemlər sayəsində ayırd etmək olar, çünki altısilindrli model üçün opsiyalar baxımından heç bir məhdudiyyət yoxdur. 3,0-litrlik mühərriki olan limuzin üçün idarəoluna arxa oxu, aktiv hidropnevmatik E-Active Body Control asqısını, hər bölməsində 1,3 milyon mikrogüzgülər olan Digital Light fənərilərini, multikonturlu fərdi arxa oturacaqları və daha çox opsiyanı sifariş etmək mümkündür.

Çində Mercedes-Maybach S 480 4Matic sedanının qiymətləri 1.468.000 yuandan (384.500 manat) başlayır. Səma İmperatorluğunda flaqman üçün başqa mühərrik təklif edilmədiyindən, altısilindrli modifikasiya ilə səkkizsilindrli modifikasiya arasındakı qiymət fərqi barədə mülahuzə yürütmək mümkün deyil.