Kişi və qadın ayaqqabılarının o qədər çox növü var ki, saymaqla bitməz. Lakin, Loafer kimi tanınan ayaqqabılar özəlliklə kişilər tərəfindən çox sevilir və populyarlığı ilə fərqlənir. Qaytanların (ayaqqabı ipi) olmaması onun geyinib-soyunulmasını asanlaşdırır, çünki əksəriyyət qaytanları bağlamağı əziyyətli və vaxt sərfiyyatı hesab edirlər.

Qaytansız ayaqqabıların geyinilməsi rahat olsa da, onları geyinərkən dabankeşdən (rojok) istifadə etmək ayaqqabının daban hissəsinin deformasiyasının qarşısını alır.

Mokasin (ing. Moccasins), Drayver (ing. Driver shoes – sürücü ayaqqabısı) və Loafer eyni adlı sinifə (Loafers) daxildir. Bu üç ayaqqabı növünün oxşarlığı ilə yanaşı fərqləri də var. Loaferlərin bütün növlərinin həm kişi, həm də qadınlar üçün modelləri mövcuddur.

Bizim ölkədə Drayver ayaqqabı Mokasin adlandırılır (fərqini bilmirlər), Loafer isə onlardan ayrılır. Onların arasındakı fərq altlığın düz yaxud dabanlı olması kimi qəbul olunur. Drayver adı bizim ölkədə az tanınan termindir. 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Drayver nədir?

Drayver olaraq bilinən ayaqqabılar, sürücülər üçün xüsusi olaraq yaradılmış ayaqqabılardır. Onlar yumşaq dəri və zamşadan hazırlanır, avtomobil pedalları ilə təması təmin edən altlığa malikdirlər. Altlıq pedal və döşəmə ilə təması gücləndirən unikal dizayna malikdir. Ön tərəfdə xırda, daban hissəsində isə, daha böyük olan rezin yastıqcıqlardan ibarətdir. Bu rezin çıxıntılar altlıqdakı dəridə olan dəliklərə yerləşdrilir.

Mokasin əsasında yaradıldığı üçün hər ikisinin üst hissəsi eynidir, yalnız altlıq və material ilə fərqlənirlər. Drayverin materialı daha yumşaq və incədir. Mokasin kimi burun hissəsi üst və yan tərəflərinin birləşməsindəki dairəvi tikişi ilə fərqlənir. Forma olaraq burun hissə geniş və ovaldır.

✽ Bu məqalə maraqlı ola bilər – Hansı ayaqqabı sürücü üçün daha uyğundur ➤

Drayverlər həm kişi, həm də qadınlar üçün təklif olunur, əsasən kəjual geyimlə geyinilir və yaz-yay fəsli üçün uyğundur. Onlar müxtəlif əlvan rənglərdə təklif olunur. Lakin, onların altlığı pəncəyə həssas olduğu üçün, piyada uzun məsafə qət etmək narahat ola bilər, çünki səthin bütün kələ-kötürlüklərini hiss etdirir.

Drayver görünməyən corabla (no show socks) geyinilir. Cins, çinos və şort ilə gözəl simbioz ola bilər. Ənənəvi kostyumla uyğun deyil, lakin kəjual, yüngül kətan kostyumla (yaxud kətan pencək və çinosla) geyinmək qəbul olunandır.

Mokasin nədir?

Mokasinlər Şimali Amerikanın yerli xalqları tərəfindən əsrlər boyu geyinilən ayaqqabılardır. Onlar adətən yumşaq dəridən hazırlanır, yumşaq altlıq və hamar sadə, orijinal üst dizayna malikdir. Mokasin Drayver kimi əsasən tək bir dəri parçadan hazırlanır.

Mokasinlər Loaferlərdən fərqli olaraq qaytanlar ilə təhciz olunur. Lakin, bu qaytanlar ənənəvi qaytanlı ayaqqabılardan fərqli olaraq heç bir funksionnalıq daşımır, yalnız dekordur. 

Mokasinlərin altlığı rezindən yaxud kauçukdan hazırlanır və uzun məsafə gəzinti üçün daha rahatdır. Əsasən, isti havalar üçün nəzərdə tutulur. 

✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümü üçün ayaqqabılar ➤

Boat shoes (Qayıq ayaqqabıları) və Top-Sider kimi tanınan ayaqqabılar da Mokasin sayılır. Lakin, onların altlığı qalın rezindən, üst hissəsi isə əsasən parçadan (dəri, zamşa və nubuk da rast gəlinir) hazırlanır. Bu ayaqqabı növləri kəjual sayılır və kostyumla geyinilmir.

Mokasinin də burun hissəsi Drayver ayaqqabılar kimi geniş və ovaldır. Görünməyən corablarla geyinilir.

Loafer nədir?

Loaferlər dizayn və rahatlıq baxımından öncəki modellərə bənzəyir, lakin onlardan fərqli olaraq ön hissəsinin dizaynı müxtəlif ola bilər. Loaferlər də əsasən dəri, zamşa və nubukdan hazırlanır. Bir dəri parçasından hazırlanan Mokasindən fərqli olaraq Loafer müxtəlif dəri növlərinin bir araya gəlməsi ilə tikilə bilər.

Drayverlərdən fərqli olaraq, onların altlığı dəri, rezin yaxud kauçukdandır və dabanlı olur. Brend və modeldən asılı olaraq dabanların hündürlüyü dəyişə bilər. Beləki, alçaq daban daha rahat olur, hündür olanlar isə daha çox hündür görünmək istəyənlər üçün uyğundur. Ümumiyyətlə, dabanın mövcudluğu, ayaqqabının gün ərzində istifadəsini rahat edir.

Drayver və Mokasindən fərqli olaraq Loaferlərin burun hissəinin dizaynları fərqli və müxtəlifdir. 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını göstər deyim kimsən ➤

Loaferlərin müxtəlif dizaynla növləri mövcuddur: Penny Loafers, Tassel Loafers, Venetian Loafers, Belgian Loafers, Gucci Loafers, Kiltie Loafers. Monk ayaqqabılar da həmçinin Loafer sayılır.

Drayverlərdən fərqli olaraq bu ayaqqabı növü daha universaldır, həm kəzual obrazla, həm də kostyumla geyinilə bilər. Digər növlərdən fərqli olaraq həm görünməyən corab, həm də sadə corabla geyinilir. Bu da əsasən fəsilə və geyim tərzinə bağlıdır. Məsələn, kətan yaxud incə pambıq çinosla corabsız, kostyum və klassik şalvarla əksinə corabla geyinilmə seçimi var. 

Nəticə: Üç növün fərqləri

Drayver, loafers və mokasinlər ilk baxışdan oxşar görünsə də, yadda saxlamalı olan bəzi əsas fərqləri var:

Dizayn. Drayverlər rezin çıxıntılar ilə unikal dizayna malikdir, loaferlər və mokasinlər isə düz altlığa.

Təyinatı. Drayverlər avtomobili idarə etmək üçün xüsusi olaraq hazırlanmışdır, pedallarla yüksək təmas və həssaslığı təmin edir. Loafer və mokasinlər isə müxtəlif hallarda geyinilə bilən çox təyinatlı ayaqqabılardır.

Materiallar. Drayverlər dəri və ya zamşadan hazırlanır, dəri-rezin altlığa malikdir. Mokasinlər dəri, zamşa və ya nubukdan hazırlanır, lakin rezin, kauçuk və sintetik materiallar da daxil olmaqla müxtəlif altlıqlarla təhciz olunur. Loaferlər öz növbəsində dəri və zamşadan hazırlanır, dabanlı dəri, rezin və kauçuk altlıqlara malikdirlər.

Stil. Drayverlər qeyri rəsmi tədbirlərdə, gündəlik olaraq kəzual obrazla geyinilə bilər. Loaferlər universal olduğu üçün həm gündəlik, həm qeyri formal, həm də yarı formal tədbirlər üçün uyğundur (formal tədbirlər üçün oksford və derbi ayaqqabı qəbul olunandır). Mokasinlər gündəlik istifadə üçün isti fəsillərdə həm rahatlıq, həm də yaxşı görünüş yaratmaq üçün gözəl balans ola bilər.

2024-cü ildə də bütün növ Loaferlər aktuallığını itirmədən trenddə olmağa davam edir.

Rəng olaraq qəhvəyi daha universaldır, istənilən rəngli geyimlə uyğunlaşır. Bundan başqa kürən, xaki, bej, mavi, boz və qara rənglər də dəbli obraz yaratmaq üçün aktuallığını saxlayır. Qarşıdan gələn yaz-yay üçün dəri altlıqlı (hava mübadiləsi üçün), incə zamşadan və dəridən olan Loaferlər daha uyğundur. 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabı altlığı: Dəri yaxud Rezin? ➤

Bu üç ayaqqabı növünün özünəməxsus təyinatını və onların fərqini bilərək, daha doğru istifadə etmək olar. Bütün növlər üçün ümumi keçərli bir qayda var: ayaqqabı təbii və keyfiyyətli materialdan olarsa, onun hava mübadilə qabiliyyəti yüksək olacaq, isti havalarda ayağın tərləməsinin qarşısını alacaq və istifadəsini rahat edəcək.

Bəs Siz hansı növü bəyənir və üstünlük verirsiniz? Fikrinizi bölüşmək üçün bu linkə keçid edin.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.