Tanınmış britaniya markalarından olan Morgan yeni bayraqdar sportkarını hazırlayacaqdır. Kupe və rodster kuzovlarına malik olacaq modelin debütü 2020-ci ildə baş tutacaqdır. Klassik üslubda görünüşə sahib olacaq avtomobil şirkətin mütəxəssisləri tərəfindən hazırlanacaq tamamilə yeni platformada inşa ediləcəkdir.

“Autocar” nəşrinin bildirdiyinə görə, yeni platforma hibrid və elektrik güc aqreqatlarının quraşdırılmasına imkan verəcəkdir. Eyni zamanda, alüminiumdan hazırlanmış platforma Aero modelində istifadə edilən şassi ilə bənzər ölçülərə malik olacaqdır. Yeni platforma əvvəlkindən iki dəfə möhkəm olmalıdır. Yeni arxitektura müxtəlif ölçülü güc batareyalarının və elektromotorların istifadəsinə şərait yaradacaqdır. Yeni platformada inşa edilən ilk model gələn il debüt etməlidir.

Morgan şirkətinin icraçı direktoru Stiv Morris yeni sportkarın Aero və Plus 8 modellərinin əvəzləyicisi olmayacağını bildirib. Bu modellər BMW şirkəti ilə müqavilənin bitməsindən sonra istehsalatdan çıxarılıbdırlar. Xatırladaq ki, adı çəkilən modellər bavariya markasının 4,8-litrlik V8 mühərriki ilə hərəkətə gəlirdirlər.  

Yeni bayraqdar modelin mühərrik çeşidi barədə hələlik heç bir məlumat verilməyib. “Autocar” yeni modelin 350 at qüvvəsi hasil edən altı silindrli mühərrik ilə təchiz ediləcəyini söyləyir. Sportkar 60 mil/saat həddinə 4,5 saniyəyə sürətlənəcəkdir. Onun maksimal sürəti 240 km/saat olmalıdır.