Bugatti Centodieci hiperkarı 2019-cu ildə Pebbl-Biçdə konsept statusunda debüt edib. Fransız istehsalçısı cəmi 10 nüsxədə buraxılacaq müştəri avtomobillərinin hər birinin qiymətinin səkkiz milyon avrodan (vergilər nəzərə alınmadan) az olmayacağını bildirmişdi.

Çox nadir hallarda belə kiçik tirajla buraxılan hiperkarlar satılmamış qalırlar. Bugatti Centodieci hiperkarının da bütün tirajı təqdimatdan dərhal sonra satılıb. İndi isə, Tokyodakı diler şirkəti bu avtomobillərdən birini 12,5 milyon avroya təklif edir. Bu barədə elan dəbdəbəli əşyalarının satışı üzrə ixtisaslaşmış James Edition marketpleysində dərc olunub.

İş ondadır ki, əlavə 4,5 milyon avro ödəyərək avtomobili almağa hazır olan şəxs bu il öz hiperkarına sahib olmaya bilər, çünki seriya hiperkarları hələlik mövcud deyillər. Əslində, satışa çıxarılan növbədəki yerdir: satışa çıxarılmış hiperkarı 2023-cü ilin yanvarında İtaliyaya göndərməlidirlər.

Xatırladaq ki, fransız markasının 110-illik yubileyinin şərəfinə buraxılmış Bugatti Centodieci hiperkarı  Chiron modelinin bazasında inşa olunub, lakin onun kuzovu EB110 Super Sport modelinin üslubunda dizayna malikdir. Avtomobili hərəkətə gətirən W16 mühərrikinin gücü isə 1500-dən 1600 at qüvvəsinə qədər artırlıb, hiperkarın əksər sistemləri isə yeni tənzimləmələrə sahib olublar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.